Təhsil işçilərinin ənənəvi sentyabr konfransı

İlk dəfə “dəyirmi masa” formatında keçirildi.

Sentyabrın 6-da rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Tədbirin iştirakçıları əvvəl Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül qoymaqla ulu öndərə ehtiramlarını bildiriblər.

Heydər Əliyev mərkəzində “dəyirmi masa” formatında keçirilən tədbir Dövlət himninin ifası ilə başlanmışdır.

Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyevin       “2017/2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda   duran yeni vəzifələr, prioritet fəaliyyət istiqamətləri” mövzusunda məruzəsi dinlənildikdən sonra məruzə ətrafında fikir mübadiləsi aparılmışdır.

Çıxış edən şəhər 1 saylı tam orta məktəbinin direktoru Arif Xəlilov, şəhər 2 saylı məktəbin direktoru, Əməkdar müəllim Dilşad Şinğarova, Yuxarı Zeyxür kənd tam orta məktəbinin direktoru Hikmət Ağacanov, təhsil şöbəsi metodik mərkəzin metodisti Səmayə Hacıyeva və başqaları qeyd ediblər ki, təhsil şəbəkəsinin hüquqi, normativ, təlimati-metodik bazasının yeniləşməsi, kadrların işə qəbulunda yeni qaydaların tətbiqi, təhsilin idarə olunmasının məlumatlar sisteminin təkmilləşdirilməsi və digər yeniliklər təhsil sektorunun inkişafına yönəlmiş islahatların səmərəliliyinə olan inamı daha da artırıb.

Konfransda “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil nazirinin əmrində irəli sürülən fəaliyyət istiqamətlərinin aktuallığı, əmrdən irəli gələn vəzifələrin reallaşdırılması istiqamətində görüləcək tədbirlər, “Təhsildə keyfiyyət ili” ilə bağlı nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi sahəsində nəzərdə tutulan işlər barədə də müzakirələr aparılıb.

Konfransda 600-dən yuxarı bal toplayan məzunlara qiymətli hədiyyələr, pedaqoji mühazirələrin respublika mərhələsində qalib adını qazanmış şəhər 1 saylı məktəbin müəllimi, Əməkdar müəllim Lətifə Zəkiyevaya diplom təqdim olunmuşdur.

Konfransda Təhsil nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və Qusar RİH başçısının müavini Elman Mustafayev çıxış etmiş, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.