Avstriya şirkəti Qusarda fındıqçılıq təsərrüfatı yaratmaq niyyətindədir

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla Avstriya Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Aksel Vex yeni müəssisəsinin yaradılması və bağçılığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Qusarın özünəməxsus iqlimi, münbit, məhsuldar, ekoloji cəhətdən təmiz torpağı, əməksevər insanları buraya ölkə, eləcə də xarici investorları cəlb edən mühüm səbəblərdir.

Avstriya Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Aksel Vex Qusarda qonaq, alpinist qismində dəfələrlə olsa da, onun avqustun 28-dəki gəlişi işgüzar xarakter daşıyıb.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasovla görüşən səfir rayonla gələcək iqtisadi əməkdaşlığın istiqamətləri, o cümlədən kənd təsərrüfatı müəssisəsinin yaradılması və bağçılığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Səfir bildirib ki, ölkəsinin “Manner AG” şirkəti Azərbaycan Respublikasında fındıq bağı salmaq üçün tam xarici investisiyalı yerli Azərbaycan şirkəti (MMC) təsis etməklə Qusar rayonunda Yuxarı Zeyxür kəndi yaxınlığında müvafiq torpaq mülkiyyətçilərindən xüsusi mülkiyyətdə olan 300 hektar torpaq sahəsi almaq niyyətindədir.

Daha sonra “Manner AG” şirkətinin Qusar rayonuna investisiya qoyması ilə bağlı yerli infrastruktur məsələlərinin müzakirəsi aparılmışdır.

Səfir Aksel Vex bağçılıq sahəsində Avstriyanın yüksək texnologiyaya və böyük ənənəyə malik olduğunu diqqətə çatdırıb və fındıqçılığın inkişafı ilə bağlı yerli fermerlərə lazımi kömək göstərə biləcəklərini də deyib.

Görüşdə Avstriya İqtisadiyyat Ralatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sabir Məmmədov, “Manner AG” şirkətinin nümayəndələri Hans Peter Andres və Thomas Buchholz iştirak ediblər.