Kəndlərin problemləri yerli sakinlərin istəklərinə uyğun həll olunmalıdır

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Həzrə, Kirig və Ləcət  kəndlərinin sakinləri ilə görüşdü.

Həzrə. RİH başçısının müavinlərinin, aparatın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin də iştirakı ilə kənd ümumi orta məktəbində keçirilən səyyar qəbulda həzrəliləri salamlayan icra başçısı məqsədi yerlərdə ara-ara ortaya çıxan problemlərin öyrənilməsi və həlli olan səyyar qəbulların icra strukturlarının fəaliyyət formasına çevrildiyini, bu formatda görüşlərin ölkə başçısı İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırığı ilə mütəmadi keçirildiyini diqqətə çatdırdı.

İlk söz alan kənd orta məktəbinin direktoru Natiq Novruzov son illər Həzrə və ətraf kəndlərdə həyata keçirilən sosial-abadlıq tədbirlərini sadalayaraq Qusar-Həzrə yolunun əsaslı təmir edilərək asfaltlaşdırılmasına, evlərin qazlaşdırılmasına  görə zəhməti keçənlərə minnətdarlığını bildirdi.

Rayonun qocaman təhsil ocaqlarından biri olan kənd məktəbinin əsaslı təmiri məsələsini qabardan ziyalının təklifini dinləyən rayon rəhbəri təhsil müəssisəsinin gələcək perspektivi ilə bağlı açıqlama verdi:

-Həzrə kənd orta məktəbinə igid övladımız, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verilib. Amma təkcə buna görə yox, həm də ölkəmizdə təhsil müəssisələrinin yenilənməsi layihəsi çərçivəsində Həzrə kəndində gözəl, yaraşıqlı məktəb binasının inşası nəzərdə tutulmuşdur. Bu barədə müvafiq təşkilatlarla razılıq əldə olunmuşdur.

İcra başçısı həmçinin Həzrə-Sudur, Həzrə-Mucuq yollarının da yaxın müddət ərzində yenidən qurularaq asfaltlaşdırılacağını sakinlərin diqqətinə yönəltmişdir.

Kənd sakinlərindən Tofiq Əmrahovun suvarma suyu, Mahir Sevzixanovun yeni məhəllələrə telefon xətlərin çəkilişi, Tacir Səfərovun elektrik enerjisinin təchizatındakı fasilələr, onun evlərə lazımi gərginlikdə verilməməsi ilə bağlı iradlarına müvafiq qurumların rəhbərləri- rayon suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov, rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov, elektrik təchizatı şəbəkəsinin rəisi Rəhman Səmədov aydınlıq gətirdilər.

Kirig. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun kənd orta məktəbinin iclas zalında yerli sakinlərlə, eləcə də təhsil ocağının həyətində ağsaqqal və ağbirçəklərlə keçən səmimi görüşündə səslənən əsas təkliflər digər kəndlərdəkindən fərqlənmədi.

Hər üç kənddə (bir müddət sonra Ləcətdə də) elektrik şəbəkəsi rayonun yeni rəhbəri sakinlərin çoxsaylı suallarını şəxsən cavablandırmaq məcburiyyəti ilə üzləşdi. Onun cavabı isə belə oldu: Zeyxür yarımstansiyasından qidalanan bütün kəndlərdə enerji problemi mövcuddur. Onu aradan qaldırmaq üçün stansiyanın özündə rekonstruksiya aparılmalı, bir çox transformatorlar, dirəklər və naqillər yenilənməlidir. Bunun üçün isə vaxt və vəsait, avadanlıq tələb olunur.

Rəisin sözlərinə görə artıq bu işlərə başlanılıb və payızın sonlarına yaxın bu problem bütövlükdə həllini tapacaq.

Kənd uşaq bağçasının müdiri Nazilə Qədimova rəhbərlik etdiyi müəssisədə isitmə sisteminin qazla təchizatına keçirilməsi, məktəbin müəllimi Mülayim Ağalarova internetin zəif sürəti, kənd ağsaqqallarından bir qrupu kəndin içindən keçən kanalın üstündəki körpünün təmiri və s. məsələlər barədə narahatlıqlarını ifadə etdilər.

Ləcət. Bu kənd məktəbinin həyətində keçirilən görüşdə qaldırılan əsas məsələ elə məktəbin özü ilə bağlı oldu.

Sovet dönəmində tikilən köhnə məktəb binası bir neçə əsaslı, amma təmirə ehtiyacı duyulan tikilidən ibarətdir. Ölkəmizdə həyata keçirilən layihəyə əsasən Ləcətdə də modul tipli məktəbin quraşdırılması nəzərə alınıb. Ancaq harada?

Kənd ziyalısı, uzun illər məktəbin direktoru işləmiş Əliyulla Ağalarov yeni məktəbin köhnənin yerində deyil, başqa ərazidə quraşdırılmasını təklif etdi:

-Belə olarsa, gələcəkdə köhnə məktəb binasını əsaslı təmir etməklə burada uşaq bağçası- körpələr evi yaratmaq olar. Çünki son illər ləcətli gənclərin böyük əksəriyyəti doğma kənddə qalıb işləməyə, yaşamağa üstünlük verir, yeni dünyaya gələn uşaqların sayında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur.

Rayon icra hakimiyyətinin başçısı ləcətlilərin bu və digər təkliflərini diqqətlə dinləyərək bəzi məsələlərin yerindəcə həll olunmasını təmin etmiş, vaxt və vəsait tələb edən problemlərin də sakinlərin istəklərinə uyğun həll olunacağına söz vermişdir.