Hər yaşın öz ovqatı, öz ləzzəti

Dağ adamlarının xasiyyətləri, ömürləri dağ çaylarına bənzəyir. Saf çeşmələrin, buz bulaqların suyundan yaranan bu çaylar mənbəyindən, dağlardan iti sürətlə, gurultu ilə axır, yağışlı, leysanlı havalarda məcrasından çıxır, qarşısına çıxan hər şeyi yuyub aparır… dağların ətəyindən ayrılıb düzəngaha çathaçatda sakitləşir, durulmağa başlayır, axır və böyük dənizə qovuşur.

İnsanlarımızın ömürləri də üç mərhələyə bölünür: dəcəl uşaqlıqla çılğın gənclik, iş, ailə qayğıları ilə yüklənmiş orta dövr, nəvə-nəticəli ahıllıq, müdriklik, qocalıq çağı.

Bütün çaylar dənizə qovuşa bilmədiyi kimi, ahıllıq, müdriklik də hər kəsə nəsib olmur. Yalnız seçilən, tanrının himayəçiliyində olanlar bu dövrün ləzzətini çıxara bilirlər.

Rayon ağsaqqallarından biri, din xadimi Cabir Aslanov da indi ömrünün müdriklik çağlarını yaşayır.

Cabir Şahbala oğlu Aslanov 1938-ci ildə Hil kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1956-cı ildə kənd orta məktəbini, 1966-cı ildə Bakı Yeyinti Sənayesi Texnikumunu bitirmişdir. Uzun müddət ovaxtkı Qusar Süd Zavodunda ixtisası üzrə çalışan Cabir Aslanov bacarıqlı mütəxəssis kimi kollektivin hörmətini, rəhbərliyini etimadını qazana bilmişdir.

Yaşlaşanda çoxu üzünü Allaha tutur, dinə, imana qayıtmağa çalışır. Amma Cabir əfəndi hələ uşaqlıqdan dini mühitlə əhatə olunub. Hilin ağsaqqalı, nüfuzlu din xadimi olan Şahbala kişi sovetlərin bütün yasaqlarına baxmadan müqəddəs Qurandan surələr oxuyar, yas məclislərinin adətlərimizə və şəriətimizə uyğun aparılmasına çalışardı. Belə bir ailədə böyüyən balaca Cabir ilk dini biliklərə kiçik yaşlarından yiyələnmişdir. 1988-ci ildən-təqaüdə çıxandan bəri müntəzəm ibadətlə məşğul olmağa, dini biliklərini zənginləşdirməyə başlamışdır.

Cabir Aslanov Qafqaz Müsəlmanları İdarəsinin attestasiya komissiyasının dini ayinlərin icrası üzrə keçirdiyi müsabiqədən keçən 3 qusarlıdan biri, Qusar şəhəri üzrə isə bu qurumun vəsiqəsinin yeganə sahibidir. Mustafa Kazdal məscidi dini icmasının üzvü olan din xadiminin rayon ictimaiyyəti, dindarları arasında hörməti vardır.

Gənclik illərində, ailə qurarkən ağsaqqal və ağbirçəklərimizin xeyir-duaları da çin olub: Cabir əfəndi 7 oğul və bir qız atası, çoxlu nəvə-nəticənin babasıdır!

Ona möhkəm cansağlığı, Haqq yolundakı fəaliyyətində səbr və uğurlar arzulayırıq.

                                                                    Mustafa Kazdal məscidinin

                                        dini icması, Qusar rayonun dindarları