Hər yaşın öz ovqatı, öz ləzzəti

Rayonumuzun təəssübkeş ziyalısı, qəzetimizin fəal yazarı Ramazan Babaverdiyevin 70 yaşı tamam oldu. 2013-cü ilin oktyabrında Həcc ziyarətindən qayıtdıqdan sonra qəzetimizlə əməkdaşlığa başlayan Hacı Ramazan “Qusar”ın “İslam dərsləri” rubrikasının aparıcısıdır.

Ramazan müəllimi ürəkdən təbrik edir, qələm dostumuza cansağlığı, cəmiyyətimizin sağlamlığı, dinimizin saflığı uğrunda apardığı mühüm təbliğat və maarifləndirmə işində uğurlar diləyirik.

Qubanın Mirzəməmmədkənd kəndində dünyaya göz açan Ramazan Məmmədmehdi oğlu məktəbə doğma kəndində getmiş, orta təhsil aldığı Qırmızı Qəsəbə orta məktəbini isə gümüş medalla bitirmişdir.

1970-ci ildə Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisadiyyat fakultəsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra təyinatla Qusar Raykoopittifaqına göndərilən Ramazan Babaverdiyev 2003-cü ilədək müxtəlif vəzifələrdə- böyük mühasib, təlimatçı mühasib, baş mühasib müavini, baş mühasib, istehlak cəmiyyətinin sədri işləmişdir.

1980-ci ildə respublika kooperasiya sistemində mühasibat uçotu və hesabatının nümunəvi təşkili üzrə keçirilən müsabiqənin qalibi olan Qusar Raykoopittifaqı fəxri fərmanla təltif olunmuş, muhasibat işçiləri 10 min manat pulla mükafatlandırılmışdır.

Əmək fəaliyyətinin son on ilini, 2003-2013-cü illərdə Mərkəzi Rayon Xəstəxanasında aparıcı mühasib kimi çalışan Ramazan yaş həddinə görə pensiyaya çıxmışdır.

Hacı Ramazan 1995-ci ildən ibadətlə məşğul olur, Qusar Mustafa Kazdal məscidi dini icmasının üzvüdür. 4 oğul, 2 qız atası, 12 nəvənin babası olan ziyalının 6 nəvəsi məktəblidir.

Hacı Ramazan övladlarının təhsilinin qayğısına qalmış, onların cəmiyyətimizin layiqli vətəndaşları kimi böyüməsi üçün hər cür şərait yaratmışdır.

Böyük oğlu Vəfadar 1992-ci ildə orta məktəbi gümüş medalla bitirib könüllü olaraq cəbhəyə yollanmış, Ağdam-Tərtər uğrunda gedən döyüşlərdə, Gəncə və Bakı şəhərlərində dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında fəal iştirak etmiş, 777 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət etmişdir. Vətən qarşısındakı əsgəri borcunu ləyaqətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Vəfadar 4 illik hərbi xidmətini başa vurduqdan sonra II qrup Qarabağ əlili kimi tərxis olunmuşdur. O, Dövlət İqtisad Universitetinin iqtisadi münasibətlər və idarəetmə ixtisası üzrə bitirərək ixtisasına uyğun çalışır.

İkinci oğlu İlqar da orta məktəbi bitirdikdən sonra könüllü olaraq Göytəpədə sərhəd qoşunlarında hərbi xidmətini başa vurmuş, İstanbulda və Bakıda ali təhsil alaraq ixtisası üzrə müəllim işləyir.

Oğlanları Vüqar 1999-cu ildə, Raciv isə 2001-ci ildə orta təhsillərini başa vuraraq Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşlar. İndi Vüqar Naxçıvanda, Raciv isə Ağcabədidə cəbhə bölgəsində mayor rütbələrində xidmət edirlər.

Qızları Elnarə və Vüsalə ixtisasları üzrə müəllim işləyirlər.

Bacarıqlı iqtisadçı, vətənpərvər ailənin sahibi olan Hacı Ramazan iyul ayında ömrünün 70-ci ilini qeyd etdi. Onun arzusu Vətənimizin səmasını həmişə aydın görmək, övladlarının uğurlarına sevinmək, rayonumuzun ictimai həyatında bundan sonra da fəal iştirak etməkdir.

         Mustafa Kazdal məscidinin dini icması,

ailə üzvləri, doğmaları, dostları, iş yoldaşları