Nizaməddin Ağamurad oğlu Ağamuradov

Respublika ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı, fəxri prezident təqaüdçüsü Nizaməddin Ağamurad oğlu Ağamuradov ömrünün 84-cü ilində vəfat etmişdir.

Nizaməddin Ağamurad oğlu Ağamuradov 1935-ci il fevralın 15-də rayonumuzun Xuray kəndində anadan olmuşdur. Qusar uşaq evində təlim-tərbiyə almış, Bakı Neft Texniki Kollecini və Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.

1953-cü ildə Bakı neft emalı zavodunun 39-cu qurğusunda köməkçi operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra operator, baş əməliyyatçısı və rəis, 1981-1984-cü illərdə Bakı şəhər yanacaqdoldurma məntəqələri şöbəsinin müdiri, 1984-1991-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin mühəndisi vəzifələrində çalışmışdır.

Nizaməddin Ağamuradov bütün sahələrdə özünü təcrübəli işçi, bacarıqlı səmərələşdirici və qabaqcıl işçi kimi göstərmişdir. Onun yüksək nəticələr əldə etməsinin sirri bacarığı, istehsal prosesinin daimi monitorinqi və müxtəlif uğursuzluqlara imkan verməməsi ilə əlaqədardır.

Nizaməddin Ağamuradovun istehsalata tətbiq etdiyi 30-dan çox səmərələşdirici təklifi ildə 150 min ton yüksək keyfiyyətli neftin istehsalına imkan verirdi ki, o zaman bu, 1000 avtomobilin illik yanacaq payına bərabər idi.

1971-ci ildə o, qabaqcıl əmək metodlarının tətbiqinə, neft emalı və neft-kimya sənayesində yüksək texniki və iqtisadi göstəricilərə nail olmaqda böyük nailiyyətlər əldə etdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək ordenlərinə layiq bilinmişdir.

Həmyerlimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, bu qurumun bir neçə qurultayının nümayəndəsi seçilmişdir.

Nizaməddin Ağamuradov 2003-cü il fevralın 21-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezidentin fəxri təqaüdünə layiq görülmüşdü.

Mərhumun ailəsinə, doğmalarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

Qusar Rayon İcra Hakimiyyəti,

rayon müharibə və əmək veteranları və ağsaqqallar şuraları