Həcər Əbil qızı Ağabəyova

Səmimi qəlbli gözəl insan, təcrübəli pedaqoq və tərbiyəçi Həcər Əbil qızı Ağabəyova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Həcər Əbil qızı Ağabəyova 1953-cü il martın 28-də Həzrə kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra doğma rayona təyinat almışdır. 1978-1979-cu illərdə Piral kəndində xarici dillər üzrə müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1979-1989-cu ilə qədər Samur qəsəbə orta məktəbində ingilis-fransız dili müəllimi, sonralar məktəb direktorunun müavini vəzifəsində işləmişdir. Həcər Ağabəyova qəsəbədə işlədiyi müddətdə həm kollektivin, eləcə də ictimaiyyətin dərin hörmətini qazanmış, şagirdlərə xarici dillərin öyrədilməsində, təlim-tərbiyəsinin aşılanmasında fəal əmək sərf etmişdir.

1990-cı ildə ailə vəziyyəti ilə əlaqədar Qusara köçdükdən sonra şəhər 6 saylı orta məktəbində ingilis dili fənni üzrə əmək fəaliyyətini davam etdirən Həcər Ağabəyova təhsil ictimaiyyətində  öz işini mükəmməl bilən, savadlı, qayğıkeş, eyni zamanda tələbkar bir pedaqoq kimi nüfuz qazana bilmişdir. Yaxşı işinə görə o, məktəb rəhbərliyinin, təhsil şöbəsinin və rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Sədaqətli ömür-gün yoldaşı, mehriban ana, sevimli nənə olan Həcər xanım yüksək insani keyfiyyətləri, səmimiliyi, xoş rəftarı ilə  ailədə, qonum-qonşuluqda hamının sevgisini qazanmışdı. Məhz belə bir insanı itirmək hamı üçün son dərəcə ağırdır. Biz- doğmaları, əzizləri onunla təsəlli tapırıq ki, ondan bizə ancaq xoş xatirələr, xatirəsini öz ömürlərində yaşadacaq övladlar qoyub getdi.

Allah rəhmət eləsin, qəbri nurla dolsun. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.     Doğmaları, əzizləri