Biznesdə riskləri necə idarə etməli?

Ölkəmizdə bu problemə ilk dəfə həmyerlimiz, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elnarə Səmədova işıq salıb.

Redaksiyamıza telefon açan dostlarımızdan biri qəzetimizin son saylarında “Rayonumuzun fəxrləri” rubrikası ilə dərc olunmuş yazılardan çox xoşhal olduğunu, belə insanların yetişməkdə olan nəslə tanıdılmasının vacibliyini dilə gətirdi və “Bir alim xanımın ünvanını da mən söyləyim”,-dedi: “-Elnarə Səmədova-Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir…”

Bu müsahibə-yazı Elnarə xanımla whatsApp vasitəsilə söhbətlərimizdən sonra yarandı. Beləliklə sizləri daha bir alim həmyerlimiz, onun həyat yolu, uğurları, qayğıları ilə tanış edirik.

-Elnarə xanım, gəlin söhbətimizə uşaqlıqdan, təhsil illərindən başlayaq…

-Xoş xatirələrə dönən, geri qaytarılası mümkün olmayan uşaqlıq illəri hamı kimi mənim üçün də əzizdir. Qırx bir il əvvəl, bir payız günündə Qusar şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Ailəmizin beşinci, həm də ərköyün övladı idim. Atam Robert Səmədov ixtisasca rus dili və ədəbiyyat müəllimi olub. Nəslimizdə elmə, təhsilə hər zaman böyük önəm verilib. Valideynlərim övladlarının beşinə də ali təhsil verib. Anam Sineyvaz Niftəliyeva gecəsini gündüzə qatıb ki, təmiz, səliqəli geyinək, soyuqlamayaq, məktəbə gecikməyək… Bacılarım-Faina-həkim, Rəvanə-müəllim, Fərqanə- həm müəllim, həm də tibb bacısı, qardaşım İsmayl-mühəndis, hər biri öz səhəsinin peşəkarıdır.

-Rəhmətlik Robert müəllim dərin biliklərə, dünyagörüşə malik ziyalı idi…

-O vaxtlar həmı mütaliə edərdi. Kitab əlimizdən düşməzdi. Hələ uşaq vaxtlarımdan kitablara böyük marağım vardı. Şəhərin iki kitabxanasının fəal oxucusu idim. Hələ məktəbə getməmiş oxuyub-yazmağı öyrənmişdim. Özü də bu, xüsusi qabiliyyət deyildi: Qusarın bir çox ailələrində bu, yəni böyük bacı və qardaşlardan öyrənmək, onların açdıqları cığırla getmək-adi, normal hal idi.

Əvvəl 2 saylı orta məktəbdə təhsil almışam. İlk müəllimim Kainat Oruc qızı Çələbova olub. Bu tədris ocağının bir çox gözəl, savadlı müəllimləri var idi. Lətifə Uluxanovanı, Natalya Borisovnanı, Hədiyyə Abdulkərimovnanı və başqalarını ən xoş duyğularla xatırlayıram.

Beş il bu məktəbdə oxuduqdan sonra  3 nömrəli orta məktəbə dəyişildim.

-Nədən?

-Təbbi, qərar özümün yox, valideynlərimin idi. Təhsilimi riyaziyyat təmayülü üzrə davam etdirməyimi istəyirdilər. O vaxt bu təhsil ocağının nəzdində kəndlərdən də istedadlı uşaqlar seçilməklə lisey yaradılmışdı. Amma ən çox sevdi-   yim fənlər tarix, coğrafiya, azərbaycan və rus dili idi. Burada da savadlı və tələbkar müəllimlərim olub: Səlmi müəllim, Suraya müəllim, Ayişə müəllim,  Tahirə müəlim, Valentina xanım və başqaları.

1994-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum. Tələbəlik illərində tələbə elmi cəmiyyətin işlərində fəal iştirak edir, elmi konfranslarda çıxışlar edirdim. 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdim və həmin il magistraturaya daxil oldum. Magistraturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra İqtisad Universitetinə dəvət aldım. Əvvəl Elm şöbəsində baş inspektor, 2001-2013-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasında müəllim vəzifələrində çalışdım.

-Dissertasiya işiniz cəlbediciliklə bərabər, çox aktual bir mövzuya həsr olunub. Bəs bazar iqtisadiyyatı hara, “risklərin idarə edilməsi” hara?

-Söhbət marksistlərin iddia etdikləri planlı iqtisadiyyatdan getmir. İqtisadiyyatın planlaşdırılması ilə risklərin idarə edilməsi başqa-başqa şeylərdir. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasında dissertant təhkim edildim. Dissertasiyanın mövzusu ötəri toxunduğunuz kimi “Biznesdə risklərin idarə edilməsi (Azərbaycanın yeyinti sənayesi timsalında)” idi.

Dissertasiya işinin ərsəyə gətirilməsində məqsədim biznesdə risklərin idarə edilməsinin müasir vəziyyətini təhlil edib qiymətləndirmək əsasında onun təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarət idi. Biznesdə risklərin yaranma səbəblərinin aşkara çıxarılması, risklərin təsiri nəticəsində dəyən zərərin azaldılması yollarının müəyyən edilməsi milli iqtisadiyyatın dayanıqlı və sürətli inkişafının prioritet istiqamətlərindən biridir. Təvazökarlıqdan uzaq olsa da bu baxımdan dissertasiya işim mühüm elmi və praktiki əhəmiyyət kəsb edən və eyni zamanda az tədqiq olunan aktual mövzuya həsr edilmişdir.

Dissetasiyamın sonunda biznes fəaliyyətində risklərin idarə olunmasının təkmilləşdirilməsinə dair konkret nəticə və təkliflər verilmişdir ki, onların həyata keçirilməsi təkcə yeyinti sənayesinin deyil, həm də milli iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə kömək edə bilər.

-İş, ailə, mətbəx, uşaqlar, həm də həyat yoldaşının qayğılarını çəkmək-elmi işin ərsəyə gəlməsinə mane oldu, yoxsa stimul yaratdı?

-Bu sualı elə bil bilərəkdən ünvanladınız. Həyat yoldaşım İsmayıl müəllm, qaynanam Beyim xanım indi məktəbli olan iki övladımın qayğılarını bölüşməklə dissertasiyanın yazılmsında mənə mühüm fiziki və mənəvi köməklik göstəriblər.

2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyamı müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa müvəffəq oldum.

-Artıq uzun illərdir həyatınızı nüfuzlu təhsil ocağı-Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlamısınız…

-Elədir. Bura mənim üçün doğma bir məkandır. 2013-2014-cü illərdə universitetin Biznesin idarə edilməsi kafedrasının baş müəllimi, 2014-cü ildən isə dosent vəzifəsində işləmişəm. 2015-ci ildə elmi-pedaqoji fəaliyyətim, universitetin ictimai həyatında fəal iştirakım nəzərə alınaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) Fəxri fərmanı ilə təltif edilmişəm.

Ötən ildən UNEC-in Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasınin dosentiyəm.

Və nəhayət: həmyerlimiz milli iqtisadiyyatın aktual problemlərinə dair 70-dən çox elmi əsərin, o cümlədən 2 dərsliyin həmmüəllifi və 1 dərs vəsaitinin müəllifi, bir neçə xarici elmi jurnalın redaksiya şurasının üzvüdür.

Alimin 2016-ci ildə nəşr edilmiş “Biznesin təhlükəsizliyinin təmin edilməsi məsələləri” adlı dərs vəsaitində biznesin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasının beynəlxalq təcrübəsi sistemləşdirilmiş, kəşfiyyatın və əks-kəşfiyyatın aparılmasının təcrübədə istifadə edilən metodları və üsulları təsvir edilmiş, casusluğa, informasiyanı əldə etməyin texniki vasitələrinə və məxfi saxlanılmasına diqqət yetirilmişdir. Kitabda biznesin vicdansız rəqiblərdən müdafiəsi üzrə tövsiyələr verilmiş, aktiv müdafiənin və özünümüdafiənin müasir vasitələri nəzərdən keçirilmişdir. Bu dərs vəsaiti müəllimlər və ali təhsil müəssisələrinin tələbələri üçün, şirkətlərin, kommersiya strukturlarının rəhbərləri və menecerləri, təşkilatların, müəssisələrin və icra hakimiyyəti orqanlarının biznesin təhlükəsizliyi üzrə mütəxəssisləri və geniş oxucu dairəsi üçün olduqca faydalıdır. Elnarə xanım hazırda yeni “Biznesin etikası” adlı dərslik üzərində çalışır.

Özünə, eləcə də ətrafdakılara qarşı çox tələbkar olan, vaxtının hər anını səmərəli keçirməyə üstünlük verən, bir neçə xarici dildə sərbəst ünsüyyət qura bilən ziyalı xanım hər il 100 nəfərdən artıq bakalavr və magistrant tələbə ilə məşğul olur.

Elnarə xanıma cansağlığı, ailə səadəti, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.                                                                                                                             Kəmalə Sevzixanova