İslam Pənah oğlu Dəmirov

Amansız ölüm həmişə insanların sağlamlığı keşiyində durmuş, xəstələrə çarə qılmağa,  şəfqət göstərməyə çalışmış xeyirxah bir peşə sahibini, həkim İslam Pənah oğlu Dəmirovu aramızdan apardı.

İslam Pənah oğlu Dəmirov 1955-ci il dekabrın 27-də Qusar şəhərində anadan olmuşdur. Orta təhsilini burada almış, ordu sıralarında xidməti başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. Ali təhsilini 1983-cü ildə başa vurmuş, təyinatla Xaçmaz rayonuna göndərilmişdir.

Bir il Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında həkim-interna işlədikdən sonra doğma rayona qayıdan gənc bir neçə il təcili təxirəsalınmaz tibbi yardım stansiyasında həkim kimi fəaliyyət göstərmişdir.

Sərasər 30 il-1988-ci ildən 2018-ci ilin iyun ayına kimi anesteziologiya və reanimatologiya şöbəsində həkim və şöbə müdiri vəzifələrində işləyən İslam Dəmirov xəstələrlə həlim, qayğıkeş rəftarı, peşə biliyi ilə seçilən, həkimlik andına sadiq qalan tibb işçilərindən biri kimi hörmət qazanmışdır.

Çiyin-çiyinə çalışdığı kollektivdə həssaslığı, mehribanlığı, qayğıkeşliyi ilə də fərqlənən İslam doktor bir ailə başçısı, ata kimi də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmışdır. İndi onun iki oğlu atalarının yolu ilə gedərək  səhiyyə sahəsində çalışır, insanların sağlamlığı keşiyində durur.

Həyatının 35 ilindən çoxunu səhiyyənin inkişafına, əhalinin sağlamlığına həsr etmiş bacarıqlı həkim İslam Dəmirovun işıqlı və nurlu xatirəsi hələ uzun illər onu tanıyanların və sevənlərin yaddaşından silinməyəcəkdir.

Allah rəhmət eləsin!

 Qusar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi,

səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsi