Ruh yüksəkliyi, tənətənə ilə

Rayonumuzda gənclərin hərbi xidmətə təntənəli yolasalınma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ilə əlaqədar keçirilmiş paradın qürur dolu təəssüratları altında xalqımız gənclərimizi böyük iftixarla həqiqi hərbi xidmətə yola salır.

Belə mərasimlərdən biri iyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin önündə baş tutdu.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, RİH-nin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı arzulamışdır.

Mərasimdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov üstəqil Azərbaycan ordusunda xidmət etməyin şərəfli və müqəddəs bir vəzifə olduğunu bildirmişdir. Bu gün Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika ilə təchiz edildiyini, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçildiyini və düşmənə  istənilən an sarsıdıcı zərbə vurmağa qadir olduğunu söyləyən rayon rəhbəri gənclərimizin Vətənin keşiyində sərvaxt dayanacaqlarına, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu söyləmişdir.

Qusar Rayon Prokuroru, ədliyyə müşaviri Mübariz Əhmədov, valideyn Sultan Sultanov və başqaları çıxışlarında Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulamış, gənclərə yaxşı yol, uğurlu hərbi xidmət diləmişlər.

Rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilmişdir.

Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb ordu sıralarına yola düşmüşlər.