100 il sabitliyin və əmin-amanlığın keşiyində

Azərbaycan polisinin yaranmasının 100 illiyi,  polis işçilərinin peşə bayramı qeyd olundu.

100 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçmiş, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edərək dövlətçiliyin əsas sütunlarından birinə çevrilmişdir.

Bu fikirlər iyulun 2-də Azərbaycan polisinin yaranmasının100 illiyi,  polis işçilərinin peşə bayramı münasibətilə rayonumuzda keçirilən tədbirdə səsləndirilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Qusar Rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, veteran polis işçiləri əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər.

Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti eləcə də  Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun adını daşıyan küçədə igid pllis əməkdaşının barelyefini ziyarət edib önünə əklil və gül dəstələri qoymaqla qoymaqla xatirəsini anıblar.

Rayon mədəniyyət mərkəzində davam edən təntənəli mərasimdə təbrik nitqi söyləyən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmış, qanun keşikçilərinə çətin və şərəfli işlərində uğurlar arzulamışdır.

Azərbaycan polisinin keçdiyi 100 illik tarixi yola qısa nəzər salan icra başçısı bildirib ki, ulu öndər Heydər Əliyev tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinin keşiyində ayıq-sayıq dayanan polis orqanlarına  həmişə böyük qayğı ilə yanaşıb və bu xətt indi Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.

Qusar Rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov mərasimdə Azərbaycan polisinin keçdiyi şərəfli mübarizə və inkişaf yolu barədə məruzə söyləyib. Natiq qeyd edib ki, yaranmasından bir əsr keçən Azərbaycan polisi  ilk günlərdən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib. Ölkənin çətin günlərində, xüsusən Qarabağ savaşında polisin 931 nəfər şəhid verdiyini söyləyən rəis, onlardan 67 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü deyib.

Azərbaycan polisinin peşəkarlığının artırılmasını, maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsində qurulmasını, polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirən şöbə rəisi Qusar polisinin sabitliyin və əmin-amanlığın təmin olunmasında bundan sonra da qüvvə və səylərini əsirgəməyəcəyini söyləyib.

Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları da yad edilib. Şöbə rəisi onlardan birinin, baş əməliyyat müvəkkili Qalib Quliyevin bu il qəbul imtahanında 640 bal toplayaraq tələbə adını qazanmış oğlu Elvinə polis şöbəsi adından pul mükafatı təqdim etmişdir.

Qusar RİH-nin başçısı Şair Alxasov xidmətdə fərqlənən bir qrup polis əməkdaşını fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.