Həlli yolları birgə araşdırıldı, tapşırıq və tövsiyələr verildi

Vətəndaşların yerlərdə qəbulunu ənənəyə çevirmiş Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun kənd sakinləri ilə növbəti görüşləri iyunun 25-də Hil və Yasab kəndlərində olmuşdur.

Hil. RİH başçısının müavinlərinin, aparatın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin də iştirakı ilə kənd ümumi orta məktəbinin iclas zalında düzənlənmiş qəbulda kənd sakinlərinin arzu, istək, təklif, müraciətləri dinlənilmişdir.

İlk söz alan kənd ağsaqqalı Nurbala Rzayev son illər Hil və ətraf kəndlərdə həyata keçirilən sosial-abadlıq tədbirlərini sadalayaraq Qusar-Həzrə yolunun əsaslı təmir edilərək asfaltlaşdırılmasına, qaz təminatının bərpa edilməsinə, su təminatı ilə bağlı iki layihənin reallaşdırılmasına, suvarma suyunun tənzimlənməsinə görə zəhməti keçənlərə minnətdarlığını bildirdi.

Ağsaqqal eyni zamanda ərazidə qaz və su israfçılığına yol verildiyini, kəndin elektrik təsərrüfatının bərbad gündə olduğunu söylədi. İdarədə magistral qaz xəttində bir neçə yerdə çızıntıların olduğu barədə edilən xəbərdarlıqlar qulaqardına vurulur. Sallanmış elektrik naqilləri, çürümüş dirəklər təhlükə törədir. Su arxları betonlaşdırılmadığından xeyli itkilərə səbəb olur.

Kənd ziyalılarından Vahid Osmanov, Zakir Ağamətov, Xüzəmməd Paşayev, Firuddin Xanbabayev, Zöhrə Bəkərova Hil kəndinin gələcək statusu, tikintisi yarımçıq qalmış məktəbin taleyi, internet təminatının yaxşılaşdırılması, folklor evi ansamblı üzvlərinin geyimləri, içməli su ilə bütün məhəllələrin eyni səviyyədə təmin edilmədiyi, uşaq bağçasının qəzalı vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək təkliflərini də irəli sürdülər.

Kənd ağsaqqaları və ziyalılarla məktəbin həyətində açıq havada davam edən görüşdə də bir sıra ictimai, sosial və şəxsi məsələlər müzakirə olunaraq həlli yolları araşdırılmışdır. Rayon rəhbəri kənd insanlarına yolların və yol kənarı yaşıllıqların qorunması, vaxtilə rayon mərkəzi olmuş böyük bir kəndin abadlığına diqqətin yetirilməsi, sanitariya təmizliyinin gözlənilməsi ilə bağlı tövsiyələrini vermiş, görüşdə söylənilən çatışmazlıqların araşdı- rılaraq tədbirlər görüləcəyini söyləmişdir.

Yasab. Kəndin mərasimlər evində düzənlənən görüşdə yasablıları salamlayan icra başçısı yerlərdə zəhmət adamları ilə canlı təmas qurmağın üstünlüklərindən danışmış, belə görüşlərin yerlərdə mövcud nöqsan və çatışmazlıqları ilk mənbədən öyrənməyə, birgə həll edib aradan qaldırmağa imkan verdiyini söyləmişdir.

Görüşdə ilk olaraq söz alan Rəcbil Hüseynov bir neçə nəfər sakinə məxsus 60 hektara yaxın pay torpağından səmərəli istifadə edə bilmədiklərindən gileyini bildirdi:-Bu sahəyə aparan yol meşəlikdən keçdiyindən oraya ağır texnika-səpin aqreqatı, kombayn aparmaq mümkün deyil. Yolun kənarındakı 4-5 ağacın kəsilməyinə isə müvafiq nazirlik razılıq vermir.

Kənd məktəbinin direktoru Günəş Mövlanov 1982-ci ildə istifadəyə verilən məktəbin əsaslı təmirə, xüsusən damının təzələnməsinə ehtiyac duyulduğunu, Ağakişi Muradxanov ətraf kəndlərin qazlaşdırılmasına başlandığını, Yasabın bu layihədən kənarda qaldığını, yanacaq odun tədarükündə çətinliklərlə rastlaşdıqlarını dilə gətirmişlər. İsmət Kərəmov telefon, internet xidmətinin yaxşılaşdırılmasının, Hacıverdi Ağayev kənddaxili yollardakı suötürücü boruların daha böyükləri ilə əvəzlənməsinin, Şahpələng Şalbuzov işıq dirəklərinin və naqillərin, transformatorun yenilənməsinin zəruriliyi barədə danışmışlar.

Kənd klubunun qarşısında açıq havada keçən görüşdə isə əsasən  yanacaq odun tədarükü zamanı sakinlərin qarşılaşdıqları çətinliklər müzakirə olundu. RİH başçısı icra, hüquq-mühafizə orqanlarına ciddi tapşırıq verdi: ətraf meşələrdə quru odun yığıb qış tədarükü görən sakinlərə heç bir maneə törədilməməli, əksinə, sənəd, nəqliyyat sarıdan insanlara kömək göstərilməlidir.

Qazlaşdırılma ilə bağlı yerli sakinlərin narahatlığına son qoyan RİH başçısının birinci müavini Şahid Fərəməzov bildirdi ki, kəndin qazla təminatı gələn ilin layihə planına salınıb, Yasaba Həzrə istiqamətindən torpağın altı ilə polietilen borular vasitəsilə magistral qaz xətti çəkiləcək.