Qusar igid oğullarını heç vaxt unutmayacaq

Qusar şəhərində Azərbaycanın Milli qəhrəmanları Fəxrəddin Musayevin və Sərdar Səfərovun xatirələri əbədiləşdirilib.

Ordumuz dövlətimizin və xalqımızın güvənc yeri olduğu kimi, ordumuz da igid, qorxmaz, mərd oğulları ilə şan-şöhrət tapıb. İyunun 26-da-Milli Ordu günü, Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi tədbirləri çərçivəsində onlardan ikisinin- Azərbaycanın Milli qəhrəmanları Fəxrəddin Musayevin və Sərdar Səfərovun xatirəsi əbədiləşdirilib,  onların adlarını daşıyan küçələrdə qoyulmuş barelyeflərinin açılış mərasimləri keçirilib.

Milli Qəhrəman Sərdar Mədəd oğlu Səfərovun adını daşıyan küçədə onun barelyefi önünə toplaşanlar igid polis işçisinin həyat və döyüş yolundan danışıblar. Sərdar Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. Kaunas Xüsusi Milis Məktəbini bitirdikdən sonra Qusar rayonunda sahə müvəkkili işləməyə başlayıb. Həmin il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücum ediblər. Sərdar Səfərov hadisə yerinə göndərilən istintaq qrupunun müstəntiqi idi. Əsgərandan qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıb. Sərdar Səfərov yoldaşlarını ölümün pəncəsindən xilas edib və qəhrəmancasına həlak olub. Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Səfərov Sərdar Mədət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Barelyefin örtüyünü Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və atasının ölümündən 3 ay sonra doğulan, hazırda DİN-nin əməkdaşı olan Sərdarə xanım götürmüşlər.

İcra başçısı Vətənin Sərdar kimi igid oğulları ilə fəxr etdiyini, şəhid polis mayorunun indiki cavanlara, gənc həmkarlarına örnək olduğunu,  ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin rayonda hər zaman əziz tutulacağını söyləmişdir.

Adını daşıyan küçənin başlanğıcında barelyefi qoyulan Milli Qəhrəman Fəxrəddin Musayev isə 1957-ci il iyulun 30-da Qusar rayonunun Gican kəndində dünyaya göz açıb. 1975-ci ildə hərbi xidmətə yollanan Fəxrəddin əvvəlcə Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində qulluq edib.

Milli Ordu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlara qoşulub. Sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə döyüş yoldaşları arasında böyük şöhrət qazanıb. Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qəhrəmanın barelyefinin örtüyünü Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Fəxrəddin Musayevin bibisi oğlu Həbib Əmirəliyev götürmüşlər.

Rayon rəhbəri ilk qusarlı Milli Qəhrəman olan  Fəxrəddin Musayevin şəxsi şücaətindən, onun Mirzə Vəliyev, Mahmud Əbilov, Salah Salahov kimi igid oğullarımızın yolunu davam etdirdiyindən, gələcəkdə məhz Fəxrəddin  kimi övladlarımızın əlbirliyi ilə torpaqlarımızın alınacağından danışdı.

Çıxış edən Milli Qəhrəmanların doğmaları və qohumları Vətən yolunda şəhid olanların xatirələrini Qusarda uca tutduqlarına görə rayon camaatına, adlarının əbədiləşdirilməsində əməyi olan hər kəsə minnətdarlıq ediblər.