“Oxu günü” oxucuların marağına səbəb oldu

Mərkəzi kitabxana sistemi kollektivinin “Açıq kitabxana” layihəsi çərcivəsində keçirdiyi növbəti tədbir orijinal və maraqlı alındı.

Müasir kitabxana  oxucuların mütaliə və informasiya mədəniyyətini formalaşdırmaq, əhalinin mütaliə həvəsini yüksəltmək, ona olan tələbatını ödəmək üçün yollar, metodlar axtarır və tətbiq edir.

Mərkəzi kitabxana sisteminin kollektivi “Açıq kitabxana” layihəsi çərcivəsində iyunun 22-də şəhər mədəniyyət və istirahət parkında açıq havada “Oxu günü” keçirmişdir.

Mərkəzi kitabxananın direktoru Zahir Mustafayev mütaliənin əhəmiyyətini bir daha vurğulamış, oxuculara tədbirin mahiyyətini açıqlamışdır:- Mütaliə özündə “kitaba sevgi”, “oxucuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” kimi anlayışları birləşdirir.   Mütaliəyə sövqetmə – intelektual inkişafın mühüm göstəricisi hesab edilir ki, bu da gələcəkdə mədəni ünsiyyətə, doğru peşə seçiminə, faydalı işlə məşğul olmaya gətirib çıxaracaq.

Kitabxana işçiləri burada istirahət edən sakinlərə yeni kitablar nümayiş etdirmiş, onlar haqqında geniş məlumat vermişlər.

Qusar şəhər sakinləri və parkda istirahət edən çoxsaylı qonaqlar gün ərzində çay süfrəsi arxasında mütaliə etmişlər. Mütaliənin maraqlı olması üçün kitabxana işçiləri tərəfindən müsabiqələr və viktorinalar keçirilərək fərqlənən oxuculara kitab və jurnallar hədiyyə verilmişdir.

Maraqla qarşılandığından “Oxu gün”lərinin  müntəzəm olaraq keçirilməsi qərara alınmışdır.