Peşəkarlığın artırılmasının vacibliyi önə çəkildi

Rayonumuzda regionun tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

İyunun 6-da  Qusar Uşaq İncəsənət Məktəbində regionda fəaliyyət göstərən Xaçmaz, Quba, Qusar və Şabran tarix diyarşünaslıq muzeylərinin, Pirəbədil Tarix Muzeyinin, həmçinin Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin filialları olan Xalça muzeyi və Döyüş şöhrəti muzeylərinin, Quba Tarix Diyarşünaslıq Muzeyinin filialları olan Şəhidlər muzeyi və A.A.Bakıxanovun memorial ev muzeyləri işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev regionda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətindən, bu muzeylərin rolunun gücləndirilməsindən, sərgi-ek-spozisiyalarında müasir standartların tətbiqi və muzey işçilərinin peşəkarlığının artırılmasının vacibliyindən danışdı.

İdarə rəisi çıxışında muzeylər arasında əməkdaşlıq, informasiya mübadiləsi, təbliğat işlərinin gücləndirilməsini, sosial şəbəkələrdə təbliğat kimi önəmli məsələlərə də toxundu.

Daha sonra regionda fəaliyyət göstərən muzey direktorlarının çıxışları dinlənildi, muzeylərin fəaliyyəti təhlil olundu.

Sonda regional idarənin rəisi Nazim Ağayev qarşıda duran vəzifələr və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və dəyərli tövsiyələrini verdi.

Müşavirə iştirakçıları olan muzey işçiləri Qusar Tarix Diyarşünaslıq Muzeyinin iş təcrübəsi ilə tanış olmuşlar. Burada onlara Qusar rayonu haqqında geniş məlumat verilmişdir.