Hər şeyə halal zəhməti ilə nail olub

Deyirlər dost dar gündə tanınar. Amma bizcə elə deyil. İnsanlar əsl simalarını sənin pis günündə yox, şad günündə göstərirlər. Dar gündə tanımadıqlarının belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi. Biz də dostumuz, əzizimiz Baxışın şad günündə-60 illik  yubileyində ətrafına toplaşmağımızdan qürurlanır, həyatda qazandığı uğurlarına qəlbən sevinirik.

Baxış Əliağa oğlu Baxışov altmış il əvvəl, yayın ilk ayı olan iyunda ziyalı ailəsində dünyaya göz açıb.

Atası Əliağa müəllimlə anası Tacnisə xanım ömürlərini  yetişməkdə olan nəslin ömür yollarını sönməz günəş nuruna qərq ediblər.

Bu ailədən pərvazlanan səkkiz övladın ikincisi olan Baxış 1975-ci ildə Mucuq kənd orta məktəbini bitirmiş, əsgəri xidmətini başa vurduqdan sonra 1979-cu ildə  ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası və köməkliyi ilə SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına göndərilən tələbələrin sırasında Moskva Texnologiya İnstitutunun tələbəsi adını qazanmışdı.

Baxışın bacarıq və qabiliyyəti özünü tələbəlik illərindən büruzə vermişdir. O, təhsil illərində tələbə şurasının sədri vəzifəsində çalışmış, müxtəlif idman yarışlarında institutu layiqincə təmsil etmişdir.

1984-cu ildə həmin institutu mühəndis-iqtisadçı ixtisası üzrə bitirərək Vətənə dönən gənc Qusar Rayon Əhaliyə Məişət Xidməti Kombinatında iqtisadşı, 1987-ci idən isə həmin kombinatın direktoru vəzifəsində çalışmışdır.

1994-cü ildə ona böyük etimad göstərilmiş, Mucuq sovxozuna direktor təyin edilmişdir. 1999-cu və 2009-cu illərdə Qusar Bələdiyyəsinə üzv seçilmiş və bu qurumun sədr müavini vəzifəsində çalışmışdır.

Baxış müəllim 2010-cu ildən Dövlət Sığorta Şirkətinin Qusar Rayon Filialının direktoru vəzifəsində işləyir.

Əmək fəaliyyəti müddətində dəfələrlə müxtəlif mükafatlar, təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir.

Onu niyə belə çox istəyirik? Dostumuz Baxış təbiətcə çox xeyirxah, nikbin, zarafatcıl və sözünü açıq deyən insandır. Dostlarının qayğılarını, nigarançılıqlarını və dərdlərini bölüşməyi,  təskinlik və məsləhət verməyi bacarır. O, Vətənin, doğma elinin təəssübünü çəkir, sağlam həyat tərzi sürür, onu gənclər arasında təbliğ edir. Məgər cəmiyyət, insanlar üçün yararlı işlər görmək insanın  xoşbəxtliyi deyilmi?!

Hər bir yubiley xoş anları, sevinc, səadət dolu məqamları özündə ehtiva edir. Baxış müəllimin həyatında fərəhli anlar, sevincli hadisə və məqamlar çox olmuşdur. Onun həyat yoluna nəzər salanda görürük ki, o, bu xoşbəxtliyi kimsədən hədiyyə olaraq qəbul etməyib, hər şeyə ağlı, dərrakəsi və halal zəhməti ilə nail olub.

Dostumuz 4 övlad atasıdır. Həyat yoldaşı Təranə xanımla hamısını yerbəyer etməyi bacarıb. Hazırda Allahın bəxş etdiyi 6 nəvəsi ilə əylənərək babalıq duyğusunun ləzzətini dadan dostumuza “60 illik yubileyin mübarək!”-deyir, möhkəm cansağlığı, uzun ömür diləyirik.

 Dostları