Hamıya pay verib, ömründən bir az

“Ot kökü üstə bitər”.- deyib, atalarımız. 1958-ci ilin iyulunda Qılah kəndində Qasim müəllimin ocağında dünyaya göz açan Vidadi uşaqlıq illərindən  bu  ziyalı ailənin ənənələrini davam etdirməyi qarşısına məqsəd qoymuşdu. Nəcəfkənd səkkizillik məktəbinin 8-ci sinfini fərqlənmə şəhadətnaməsi ilə, Bakıda Fizika-riyaziyyat təmayüllü internat məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra savadı, qabiliyyəti istənilən ali məktəbə daxil olmaq imkanı versə də, məhz ailə ənənələrini davam etdirmək məqsədilə Dövlət Pedaqoji Universitetinə girir.

Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla bir il Sabirabad rayonunda işləmiş, doğma rayona qayıdaraq Yuxarı Kalunxür kənd məktəbində sevdiyi peşəsilə məşğul olmağa başlamışdır. Sonralar Aşağı Kalunxür kənd ibtidai, Nəcəfkənd tam orta, Xuluq kənd ümumi orta məktəblərinin direktoru vəzifələrində çalışan Vidadi müəllim bütün kollektivlərdə həm müəllim, həm də valideyn və şagirdlərin dərin hörmətini qazana bilmiş, fəal ictimaiyyətçi, bacarıqlı bir ziyalı kimi rayonda da tanınmışdır.

2008-ci ildən Köhnə Xudat Qazmaları kənd ümumi orta məktəbinin direktoru vəzifəsində çalışan Vidadi müəllim 40 illik pedaqoji stajının 35 ilini məktəb rəhbəri kimi şərəfli və məsuliyyətli bir vəzifəni icra edir.

Şərəfli müəllim əməyi hər bir insanın həyat yoluna uğur, nur çiləyən, onun işıqlı gələcəyinə zəmin yaradan çətin və şərəfli zəhmətdir. Bu mənada müəllimlərin hamısı böyük insanlardırlar, elə bu günlərdə 60 yaşı tamam olan sevimlimiz, müəllimimiz Vidadi Ciyərxanov kimi.

Deyirlər arzu var o, insanla birlikdə torpağa gömülür, arzu da var çiçək açır, sonu gözəl barla nəticələnir. Vidadi müəllimin arzuları da, sonu bal kimi məhsulla nəticələnib. 1979-cu ildə həmkarı Səyyarə xanımla ailə həyatı quran yubilyarımızın 3 övladı, 6 nəvəsi var. Övladlarından ikisi ailə ənənələrinə sadiq qalaraq müəllimlik peşəsini seçmişdir. Ailənin sonbeşiyi Elman müəllim hazırda Avaranqışlaq kənd ibtidai məktəbində müəllim işləyir.

..Birinin şanında, böyüklüyündə,

Uçar, qanadlanar, müəllim ömrü.

Hamıya pay verər, ömründən bir az,

Səndədir, məndədir, müəllim ömrü…

Şairin bu bir bənd şeirində müəllim ömrünün vəsfi elə gözəl ifadə olunub ki, əlavə şərhə ehtiyac yoxdur. Çünki, hər birimizin ömür çalarlarında bizə dərs deyən müəllimlərin ömür zərrəcikləri var-bunu danmaq olmaz!. Xoşbəxt o müəllimdir ki, ömrünün ötən anlarını cəmiyyətimizin çiçəklənməsini təmin edən əsl vətəndaş hazırlayır. Vidadi müəllim də belə xoşbəxt kəslərdəndi.

Vidadi müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti, bir ziyalı olaraq üzərinə götürdüyü vəzifələrin həyata keçirilməsində yaradıcılıq nailiyyətləri, müvəffəqiyyətlər arzulayırıq.

Doğmaları, dostları, həmkarları