Zirvəyə pillə-pillə, addım-addım ucaldı

Həmkarımız, rayon camaatının sağlamlığı keşiyində vicdanla, şərəflə duran, nüfuzlu və bacarıqlı həkim Nəriman Osmanovun 60 yaşı tamam olur.

Xidmət sahəsi olan Samur qəsəbəsi və ətraf kəndlərin camaatının adlandırdığı kimi “Nəriman doktor” səhiyyəyə bir başa institutdan deyil, pillə-pillə, addım-addım gəlib. 1976-cı ildə Şirvanovka kəndində orta məktəbi bitirdikdən sonra Abbas Səhhət adına Bakı Tibb Texnikumuna daxil olub. İki il ordu sıralarında xidmət etdikdən sonra texnikuma qayıdıb və 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Üç il Şirvanovka xəstəxanasında, Mahaçqala şəhərində tibb qardaşı kimi çalışıb. 1984-1991-ci illərdə Dağıstan Tibb İnstitutunun müalicə-profilaktikası fakültəsini bitirərək rayonumuzun ən ucqar kəndinə-Yuxarı Tahircala təyinat alan Nəriman Osmanov beş ildən artıq burada kənd sahə xəstəxanasının baş həkimi işləyib.

1997-ci ildə Samur qəsəbə sahə xəstəxanasına baş həkim təyin olunan Nəriman doktor insanlara şəfqət göstərmək, onların sağlamlığı keşiyində durmaq kimi şərəfli bir missiyanı uğurla davam etdirir.

Baş həkimin təşkilatçılığı və xüsusi səyi nəticəsində bu xəstəxananın tibbi göstəriciləri həmişə yüksək olur. Onun fədakar, gərgin əməyi yerli camaat tərəfindən dəyərləndirildiyi kimi, dövlət tərəfindən də yüksək qiymətləndirilib. Ölkə səhiyyəsinin inkişafındakı xidmətləri nəzərə alınaraq dövlət başçısının sərəncamı ilə Nəriman Osmanova 2007-ci ildə “Respublikanın Əməkdar həkimi” fəxri adı verilmişdir.

Nəriman doktor sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkim olmaqla bərabər, sadə insan, el-obasına ürəkdən bağlı vətənpərvər insandır. Təbabətlə biznesin sintezinə şahidlik etdiyimiz bir dövrdə nüfuzlu özəl klinikalardan dəvətlər alsa da, o, doğma qəsəbəsində qalıb işləməyi üstün tutub.

Samur sahə xəstəxanası eyni zamanda Yuxarı Zeyxür, Qullar, Aşağı Tahircal kəndlərini də əhatə edir. Ərazidə yaşayan 4000 nəfərdən çox əhali Nəriman həkimin və onun həmkarlarının səyi nəticəsində etibarlı tibbi  xidmətlə əhatə olunub. Burada əhali arasında profilaktik tədbirlər, müxtəlif peyvəndləmə işləri bir qayda olaraq vaxtında aparılır. Xəstəxanada stasionar xidmət də yaxşı təşkil olunmuşdur. Burada yaxşı şərait, səliqə-səhman yaradıldığından xəstələr başqa yerlərə üz tutmurlar. Ancaq ağır xəstələr yollayışla mərkəzi xəstəxanaya göndərilir.

Əsrimizdə təbabət sürətlə inkişaf edir, yeni müalicə metodları yaranır, müxtəlif dərman və preparatlar kəşf olunur. Nəriman həkim dövrün çağırışları ilə ayaqlaşmağı bacaran mütəxəssisdir. O, daim öz üzərində çalışır, mütaliə edir, müasir tibbi biliklərə yiyələnərək onlardan yararlanır.

Zəhmətkeş, qayğıkeş ata 3 övlad böyüdüb müstəqil həyata vəsiqə verib, 9 nəvə babası olmaq xoşbəxtliyini duyub.

Həmkarımızı 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, şərəfli işində uğurlar diləyirik.

Qusar MXR-nın

 rəhbərliyi, səhiyyə işçiləri həmkarlar ittifaqının rayon şurası