Bu balamızın ölən vaxtı deyildi…

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə dünyasını dəyişən DSX-nin əsgəri Ayaz Həmidov doğulduğu Köhnə Xudat Qazmaları kəndində torpağa tapşırıldı.

Ayaz 18 yaşını apreldə qeyd etmişdi. Bu münasibətlə Həmidovlar ailəsində yaxınların, doğmaların iştirakı ilə keçirilən məclisə toplaşanlar ona indi Vətən qarşısında borcun durduğunu xatırladır, nəvazişlə oxşayaraq sağ-salamat dönəcəyi gündə bir də şadyanalıq edəcəklərini bildirirdilər.Valideynləri, böyük qardaşları, qonum-qonşular şad, gülərüz, arxayın idilər. Axı Ayaz həm fiziki, həm mənəvi cəhətdən hərbi xidmətə tam hazır idi.

Ancaq tale ona başqa yazı yazıbmış: Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonundakı Göytəpə Sərhəd Dəstəsində xidmət keçən Ayaz iyunun 18-də xidməti vəzifəsini yerinə yetirən zaman facili şəkildə həyatını itirir. İlkin məlumata görə o, atdan yıxılıb.

Ayaz Həmidov iyunun 19-da doğulduğu Köhnə Xudat Qazmaları kəndində torpağa tapşırıldı.

Dəfn mərasimində Qusar RİH-nin başçısı Şair Alxasov, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin şəxsi heyəti, prokurorluq, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri həmçinin əsgərin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.