Həyat, yaradıcılıq eşqi

Ana, alim həmyerlimizin ibrətamiz həyat hekayəti

Taleyin bütün ağrı-acılarına mərdliklə sinə gərən, ömür salnaməsinə yeni səhifələr yazan, övladlarını böyüdərək ali təhsil verən fədakar ana, uzun fasilədən sonra gənclik arzusunu reallaşdıraraq elmin uca zirvəsinə ucalmağı bacaran bir alim həmyerlimiz haqqında söhbət açmaq istəyirik. Onun həyat eşqi, çətinlikləri mətanətlə dəf etməklə keçən ömür yolu, unikal elmi yaradıcılığı əsl fədakarlıq nümunəsidir.

Validə Cavid qızı İsazadə 1953-cü il iyunun 15-də Xanlar (indiki Göygöl) şəhərində dünyaya göz açıb. Atası Cavid Məmmədov həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra bu rayon prokurorluğuna müstəntiq təyin edilmişdi.

Uşaqlığının ilk illəri atasının qulluq etdiyi Bərdə, Əli-Bayramlı (ildiki Şirvan) şəhərlərində keçsə də, birinci sinfə Qusarda- şəhər 2 saylı məktəbdə getdi və orta təhsilini burada aldı. Validə xanım doğma məktəbini, Vətəni sevməyi, vətəndaşlıq borcunu hər şeydən üstün saymağı öyrədən istəkli müəllimlərini məhəbbət və minnətdarlıqla xatırlayır. Onda əhatə etdiyi dünyaya maraq, elmə həvəs də məktəbdə oyandı. Hər işə peşəkar yanaşmağı, zəhməti sevməyi və məqsədə doğru inamla getməyi isə atasından və anasından öyrəndi.

Altıncı sinifdə yaranan uşaq xəyalı həyatın mənasına çevrildi. 12 yaşından qarşısına məqsəd qoydu: dilin sirrlərini öyrənib başqalarına çatdırmaq. Seçdiyi elm sahəsini dərindən tədqiq etmək arzusu Validəni 1970-ci ildə Dağıstan Universitetinin filologiya fakultəsinə gətirdi. Universitetin bütün ittifaqda tanınmış,  nüfuzlu alimləri onun dilə, xüsusilə dil tarixinə olan marağını dəstəklədi. Validə tələbəlik illərindən elmi məqalələr yazır, tələbə-elmi konfranslarda çıxışlar edirdi.

1973-cü ildə Xarkov Ali Hərbi Mühəndislər Radiotexnik Akademiyasının müdavimi olan kapitan Oqtay Şixmət oğlu İsazadə ilə ailə qurdu. 1974-cü ildə ilk övladı Xalidə dünyaya gəldi. 1975-ci ildə həyat yoldaşı Oqtay Hərbi Akademiyada təhsilini başa çatdırıb Azərbaycana qayıtdı və hərbi xidmətini Mingəçevirdə davam etdirdi. Validə xanım müəllimlik fəaliyyətinə Mingəçevir şəhəri 12 saylı azərbaycan məktəbində başladı, 5 il ərzində uşaqlara rus dili və rus ədəbiyyatından dərs dedi. Özü də əsl həyat dərslərini keçdi.

Həyatının ən böyük arzusu olan-elmi fəaliyyəti 1980-ci ildə respublikamızın paytaxtı Bakı şəhərinə qayıdandan sonra reallaşmağa başladı.

1980-1982-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki ADU) rus dili kafedrasında müəllimlik etdi, 1983-cü ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunda (2000-ci ildən Bakı Slavyan Universitetində) çalışdı: 2 il (1983-1985) rus dili praktiki kursu kafedrasında laborant vəzifəsində işlədi, sonrakı 3 il (1985-1988) əyani aspiranturada oxudu.

Validə İsazadə bu illər ərzində filologiya elmləri namizədi elmi dərəcəsini almaq üçün “Rus dilində feildən törənmiş isimlərin semantik strukturu” mövzusunda dissertasiyanı hazırlayır və müdafiə edir. Elmi rəhbəri Azərbaycanda rusistika sahəsində ilk elmlər doktoru, professor, Əməkdar elm xadimi, görkəmli alim, Məmməd Tağıyev idi. Validə xanım hamının böyük hörmətlə ” Mamed Tagiyeviç”-deyə çağırdığı, onlarla alimin yetişdirilməsində misilsiz xidmətləri olan bu gözəl insanın əvəzsiz, təmənnasız yaxşılıqlarını ehtiram və minnətdarlıqla xatırlayır.

90-cı illərdə həyat Validə xanımı ağır sınaqlara çəkdi: ciyərparasını, yaxınlarını itirdi. Lakin o, təsəllini işini davam etməkdə tapdı. Deyirlər, kədər güclünü daha güclü, zəifi isə zəif edir. Validə xanım birincilərdəndir. O, həm şəxsi həyatında, həm elm sahəsində əsl fədakarlıq göstərməyə, bununla da əzizlərinin ruhlarını şad etməyə özündə güc və təpər tapdı.

Bəzən deyirlər: “O, ömrünü sənətə, elmə həsr etdi”, ya da “sənətini ailəsinə… qurban verdi”. Validə xanım ailə, övladları ilə peşəsi, elm arasında tarazlıq, paralellik yaratmağı, hər ikisini əlaqələndirməyi bacardı.

Onun doktorluq dissertasiyanın ideyası və mövzusu atası, tanınmış hüquqşünas, Cavid Məmmədovun parlaq xatirəsinə həsr olunmuşdur. Anası Gülxanım da Validənin yaradıcılıq həyatında vacib rol oynayıb. Onun qayğısı, mənəvi dəstəyi ilə bəhrələnən bu iş 2010-cu ildə filologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün “XI-XIX əsr rus hüquqi terminologiyasının yaranma və inkişaf tarixi (qanunvericilik materialları əsasında)” mövzusunda dissertasiyanın müdafiəsi Bakı Slavyan Universitetində uğurla baş tutdu.

Professor Validə İsazadənin elmi maraqları filologiyanın müxtəlif sahələrini əhatə edir və öz əksini elmi əsərlərində, elmi-nəzəri konfranslarda etdiyi çıxışlarda tapır. 100-dən artıq elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifi olan alim respublikamızı, ömrünün 35 ilini həsr etdiyi universiteti Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Litva, Kanada və digər ölkələrdə keçirilən konfranslarda ləyaqətlə təmsil edib.

Tələbkar və ədalətli müəllim kimi tələbələrin hörmətini qazana bilən professor Validə İsazadə ali məktəblər üçün dərsliklər, dərs vəsaitləri, proqramlar hazırlayır. O, gələcək nəslin əsl vətəndaş, proqressiv şüura malik, dövrün tələblərinə tam uyğun savadlı mütəxəssis kimi formalaşmasında əlindən gələni əsirgəmir.

Validə İsazadə rus dilinin leksikologiyası, bədii mətnin, lingvistik təhlili, üslubiyyat və nitq mədəniyyətinin əsasları fənləri, xüsusi kurslar üzrə mühazirələr oxuyur, tələbələrin diplom, magistrantların və dissertantların elmi tədqiqatlarına rəhbərlik edir.

Həmyerlimiz kafedranın və bütövlükdə universitetin elmi və ictimai həyatında fəal iştirak edir. Bakı Slavyan Universitetinin ixtisas ekspert elmi-nəzəri seminarın sədri olan xanım professor həm də Filologiya və xarici dil müəllimliyi fakültəsinin elmi şurasında elm və təhsil komissiyasına rəhbərlik edir.

Validə Cavid qızının elmi və pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı il 14 dekabr tarixli sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Boya-başa çatdığı Qusarla qəlbən bağlı olan həmyerlimiz hər bir fürsətdən istifadə edib doğmaları ilə görüşür, uşaqlıq, gənclik çağlarının rəfiqələri ilə ünsiyyət saxlayır.

Beləliklə, bir ana, alim həmyerlimizin ibrətamiz həyat hekayəti ilə tanış oldunuz. Ömür, hekayə isə davam edir, yeni səhifələr, fəsillər yazılır. Ona görə “ardı var”-deyirik…

Ali təhsilli dörd övladın anası, üç nəvənin nənəsi olan Validə xanımı həyatının önəmli hadisəsi 65 illik yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, elmi yaradıcılığında və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Maya, Tamilla