Şəfqətini, şəfasını əsirgəmir

Yazda, təbiətin oyanaraq yeni libas geyindiyi fəsildə doğulanlar mehriban və xeyirxah, nəvazişli və şəfqətli olur,-deyirlər. Yəqin bizim Təranə xanımın xarakterindəki bu xüsusiyyətlər də ilin gülşən çağında-mayın 15-də dünyaya gəlməsindəndir.

Qadına yaşını xatırlatmazlar deyilsə də, faktdan qaçmaq olmaz: iş yoldaşımız, təcrübəli həkim Təranə Şinğarova ömrünün 55, əmək fəaliyyətinin 30 illiyini qeyd etməyə hazırlaşır.

Bakı şəhərində dünyaya göz açan Təranə Hacıağa qızı burada tibb məktəbini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Həkimlik diplomu ilə Xaçmaz rayonuna göndərilən gənc bir ildən sonra iş yerini doğma Qusara dəyişib. Əvvəlcə təcili tibbi yardım stansiyasında sıravi həkim kimi çalışıb, 1990-cı ildən isə taleyini ginekologiya ilə bağlayıb.

Bəyaz xalatı geyinmək üçün böyük səbr, bilik lazımdır. Həkimlik həm çətin, həm də məsuliyyətli sahədir. Gərək bu şərəfli peşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdehliyini dərk edəsən, yüksək savad nümayiş etdirəsən. Fəqət Təranə həkimin daxili aləmi ilə tutduğu vəzifə, seçdiyi peşə bir-birini tamamlayır. O, bu çətin imtahandan alnıaçıq və uğurla çıxıb.

Təranə xanım artıq on ildən çoxdur ki, qadın məsləhətxanasının müdiri vəzifəsində çalışır. Hər bir vəzifə insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Təranə Şinğarova tibbin bu qeyri-adi, həm də çox məsuliyyətli, özünəməxsus incəlikləri olan sahəsində də özünü təsdiq etməyi, insanların hörmətini, məhəbbətini qazanmağı bacarıb.

Dünyaya gələcək hər körpənin ilkin yolu ana bətnindəykən məhz qadın məsləhətxanasından keçir. Məsləhətxanaların əsas vəzifəsi hamilə qadınlara doğuşaqədər tibbi xidmət və nəzarət etmək, ginekoloji xəstələrə tibbi xidmət göstərmək, ailə planlaşdırılması xidməti və sanitariya-maarif təbliğatı aparmaqdır.

Ulu peyğəmbərimiz bir kəlamında deyirdi ki, insanların ən yaxşısı xalqa xeyir verəndir. Bəli, bizim Təranə xanım belə insanlardandır. Xeyirxahlıq, qayğıkeşlik, insanlara mənəvi dayaq olmaq və mərhəmətlə yanaşmaq, çətinə düşənə əl tutmaq, yol göstərmək onun gündəlik həyat norması və vərdişləri, əməli fəaliyyətinin müqəddəs amalı, ali məqsədidir.

Onun qayğısı insanın daxilində yanan şam kimi öz istisini və hərarətini həyatda büruzə verir.

Təranə xanım insanlardan şəfqətini, şəfasını əsirgəməyən həkim olmaqla bərabər, sədaqətli həyat yoldaşı, qayğıkeş ana, nəvazişli nənədir. Ömür-gün yoldaşı Vidadi ilə üç övlad böyüdüb onlara tərbiyə, təhsil verən həkim artıq nəvə şirinliyini də dadıb.

Qızları Nəzrin Azərbaycan Dövlət Slavyan Universitetini, Nigar Azərbaycan Turizm İnstitutunu bitiriblər. Evin sonbeşiyi Fuad isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır.

Təranə xanımı həyatının mühüm dönəmi münasibətilə təbrik edir, ona cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirik.

Mərkəzi Rayon Xəstəxanasının müdiriyyəti,

səhiyyə işçiləri həmkarlar ittifaqının rayon şurası