Onların rəşadəti indiki nəsillərə örnəkdir

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü

Mayın 9-u səhər rayon rəhbərliyi, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri Nəriman Nərimanov adına mərkəzi parkda Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsi önünə toplaşdılar. Qələbə bayramının bu il məhz bu məkanda keçirilməsi də təsadüfi deyildi. Bu il 22 yaşında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş igid həmyerlimizin anadan olmasının 95 illiyi tamam olur.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qəhrəmanın abidəsi önünə gül dəstəsi qoydu.

Tədbirin digər iştirakçıları da abidə önünə gül qoymaqla 1941-1945-ci illər müharibəsində həlak olan qusarlıların xatirələrini ehtiramla yad etdilər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirmişdir ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Bu savaşlarda rayonumuzdan 10125 nəfər iştirak etmiş, onlardan ancaq 6095 nəfəri geri qayıtmışdır. Qusarlılardan Mirzə Vəliyev, Aleksandr Rıbnikov, Adil Quliyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşlər. Azərbaycanın ilk milli diviziya komandirlərindən olmuş general Mahmud Əbilovun, Fransa Müqavimət Hərəkatının rəhbərlərindən olan Həkim Mirzəxanovun, Bolqarıstanın Milli Qəhrəmanı adına layiq bilinmiş Salah Salahovun və onlarla, yüzlərlə igid həmyerlimizin bu böyük zəfərdə sanballı payı olmuşdur.

Bu gün rayonumuzda üç nəfər İkinci Dünya müharibəsi veteranı, 89 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadı və arxa cəbhə veteranı vardır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Qeyd edilib ki, respublikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib, imtiyaz və statusları bərpa olunub.

Vurğulanıb ki, hər il Qələbə Günü ərəfəsində ölkə başçısının imzaladığı sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardımlar edilir, müharibə iştirakçılarına minik maşınları pulsuz verilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 20-də imzaladığı növbəti Sərəncama müvafiq olaraq rayonda yaşayan müharibə veteranlarının da ailələrinə birdəfəlik maddi yardım verilib.

Həmin gün parkın açıq səhnəsində rayonun instrumental ansamblları maraqlı konsert proqramı nümayiş etdirmişdir.

“Qusar”