Vətən bizi çağırır

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 6 mart 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar aprelin 12-də Qusarda çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Müvafiq dövlət qurumları nümayəndələrinin, ağsaqqalların, veteranların, gənc çağırışçıların ailə üzvlərinin yaxından iştirak etdikləri mərasim böyük sevinc və bayram əhval ruhiyyəsində həyata keçmişdir.

SHXÇDX-nın Qusar Rayon Şöbəsinin önündə düzənlənən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edən SHXÇDX-nın Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin gündən-günə möhkəmlənərək qüdrətli bir orduya çevrildiyini bildirmişdir.

Qusar Rayon Prokuroru, ədliyyə müşaviri Mübariz Əhmədov, rayon polis şöbəsinin rəisi, polkovnik Zaur Bədəlov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov, şəhid atası Andrey Əbiyev, valideyn Kəbir Çələbiyev hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışmışlar. Onlar regionun ən güclü, modern, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir ordusunda xidmət etməyin hər bir gəncin şərəf işi, borcu olduğunu xatırlatmış, xalqımızın ordumuza həmişə dayaq olduğunu söyləmişlər.

Çağırışçılardan Sədrəddin Nəcəfov (Həzrə), İlham Məlikov (Quxuroba), Qirimxan Rəhimxanov (Avaran), Cahangir Hacıyev (Urva), Edik Qaraxanov (Gədəzeyxür) Vətənə sadaqətlə xidmət edəcəklərini, bu şərəfli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəklərini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şərəflə vətənin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hazır olduqlarını bildiriblər.

Daha sonra “N” saylı hərbi hissənin əsgərləri nümunəvi çıxışlar nümayiş etdiriblər.

Çağırışçı gənclər üçrəngli Azərbaycan byağrağını öpərək Vətənin keşiyinə yola düşüblər.