Rübün yekunları təhlil edildi, qarşıdakı vəzifələr müəyyenləşdirildi

Aprelin 17-də Qusar Rayon İcra Hakimiyyətində RİH başçısı yanında şuranın növbəti iclası keçirilmişdir. Yığıncaqda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi sahədə inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

İclası açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair AlxasovAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının  yekunlarına  həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.

Natiq həmçinin bildirmişdir ki, 11 aprel 2018-ci il tarixi Azərbaycanda Prezident seçkiləri ilə yadda qalmışdır. Prezident seçkiləri bütün ölkəmizdə olduğu kimi rayonumuzda da yüksək səviyyədə keçirilmiş və qusarlılar da seçkilərdə fəal iştirak edərək ən layiqli namizədə səs vermişlər.

2018-ci ilin birinci rübündə Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında hesabatı RİH başçısının birinci müavini Şahid Fərəməzov təqdim etmişdir.

Məruzə ətrafında müzakirələrdə rayon suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov, rayon statistika idarəsinin rəisi Abdulkərim Aşurov çıxış etmişlər.

İclası yekunlaşdıran Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov kənd təsərrüfatı işlərinin geniş vüsətini diqqətə çatdırmış, bəzi ərazilərdə  əkin sahələrinin suvarılması istiqamətində aparılan tədbirlərə, rayonda yaradılacaq yeni təsərrüfat sahələri, habelə təhsil, səhiyyə, uşaq müəssisələrinin, sosial obyektlərin tikilməsi məsələlərinə toxunmuş, tikinti-abadlıq işlərinin davam etdiriləcəyini söyləmişdir.

Qusarlılar  bundan sonra da doğma respublikamızın və rayonumuzun inkişafı naminə əzmlə çalışacaq, cənab Prezidentin apardığı uğurlu siyasətin həyata keçirilməsinə dəstək verəcək, ümummilli lider Heydər Əliyevin miras qoyduğu siyasi xətti dəstəkləməklə müstəqil Azərbaycanımızın tərəqqisi yolunda daim İlham Əliyevlə olacaqlar.