“Tərəqqi” medalına layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart -Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Yüksək mükafata layiq bilinənlər cərgəsində Qusar şəhər 6 saylı orta məktəbin direktoru Nairə Rauf qızı Kliçova da vardır.

Zaqatala şəhərində ziyalı ailəsində dünyaya göz açan Nairə Kliçova Qusar şəhər 2 saylı tam orta məktəbini, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1995-ci ildə Qusar şəhər 6 saylı tam orta məktəbində başlamış, uzadılmış qrup tərbiyəçisi, ixtisası üzrə müəllim, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini işləmişdir.

Nairə xanım 2012-ci ildə Qusar şəhər 6 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Nairə Kliçova biri tələbə, digəri məktəbli olan iki oğul anası, təvazökar, həm də tələbkar pedaqoqdur. Onu Vətənin yüksək mükafatını almağı münasibətilə təbrik edir, şərəfli peşəsində yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayırıq.

“Qusar”