Sahilləri yeni körpü birləşdirəcək

Samur çayının üzərində yeni avtomobil körpüsünün tikintisinə start verildi.

Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər hələ 1957-ci ildə inşa olunan körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq “Yaraq-Qazmalar” (Rusiya) – “Samur” (Azərbaycan) buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəlmişdilər. Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün razılıq 2013-cü ildə əldə olunmuşdu.

Qəzetimizdə ötən ilin payızında Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutan təməlqoyma mərasimi barəsində yazı dərc edilmişdi.

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak etmişdilər.

Körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək. Rusiya isə federal büdcədən ünvanlı investisiya proqramı çərçivəsində yerinə yetirilən işlərin dəyərini qismən kompensasiya edəcək. Eyni zamanda Rusiyanın Federal Yol Agentliyi (“Rosavtodor”) körpüyə giriş yollarının tikintisini maliyələşdirəcək.

Ehtimal var ki, cari ildə yol işçiləri “Qafqaz” P-217 xəttindən inşa ediləcək körpüyə qədər dəmiryolunun inşasına başlayacaqlar. Bu yolların tikintisi 2018-ci ildə başa çatmalıdır.

Artıq yeni avtomobil körpüsünün tikintisinə start verilib.

Körpünün tikintisini həmyerlimiz, respublikanın əməkdar mühəndisi Natiq Əliyevin rəhbərlik etdiyi “Gidrotransproyekt” Elmi-Tədqiqat Mərkəzi MMC-nin hazırladığı, Azərbaycanda və Rusiya Federasiyasında ekspertizadan keçib təsdiq olunmuş layihə əsasında respublikanın Əməkdar mühəndisi Əfəndi İsmiyevin rəhbərlik etdiyi “Evrascon”-Avro-Asiya inşaat koorporasiyası ASC tərəfindən həyata keçirilir.

Fərəhlidır ki, illərlə davam edən “Gidrotransproyekt”-“Evrascon” əməkdaşlığının bir çox parlaq nümunələri ölkəmizin yaxın-uzaq xarici ölkələrin şəhərlərini bəzəyir, insanların rahatlığını təmin edir. Bu birgə əməkdaşlığın nəticəsi olan baxış meydançalı “Paryaşiy most”un (“Uçan körpünün”) açılışı 9 sentyabr 2017-ci ildə Moskvada, şəhərin 870 illiyində olmuşdur. Onu artıq əsl memarlıq incisi-Moskva çayı üzərində ən yaxşı baxış meydançası adlandırırlar.

Layihəyə görə Samur çayı üzərində yeni körpü uzunluğu 325 metr, eni 17,3 metr olmaqla 5 aşırımlı dəmir-beton konstruksiyadan ibarət tikiləcəkdir.O, böyük yük götürmək qabiliyyətinə hesablanıb. Üç zolaqdan ibarət, 9 ballıq zəlzələyə tab gətirə biləcək yeni körpüdən 2019-cu ildə keçmək mümkün olacaqdır.

Xalq şairi Səməd Vurğun hələ 1939-cu ildə yazdığı Samur şeirində çayın gözəlliyini, bu yerlərin təbiətini belə tərənnüm etmişdi:

Hansı könül ilham almaz bu mənalı gözəldən?
Bir tamaşa yaranmışdır onun hüsnü əzəldən.
Bu gün mənəm Samurçayın sahilində dayanıb
Xəyalımın dünyasında söz dastanı düzəldən.

İki diyarı ayıran deyil, bir-birinə bağlayan çaya poetik ithaf bu gün olduğundan daha aktual səslənir.

Körpü iki sahili daha möhkəm birləşdirərək, Azərbaycanla Rusiya arasında dostluğun və mehriban qonşuluğun simvolu olacaq.