Ömrün müdriklik çağında

60 il əvvəl, 1958-ci ilin martının yaz nəfəsli ilıq günlərin birində kuzunqışlaqlı Qulu kişinin evində böyük sevinc, təntənə yaşandı. Ailədə oğul övladı dünyaya göz açmış, qohum-qardaşa sevinc bəxş etmişdi. Ömrün həmişə bahar təravətli olsun-dedilər gözaydınlığa gələnlər. – Teyfur adını biz qoyduq sənə, onu doğrultmağı, ucaltmağı sənə etibar edirik.

Ömür saf çeşmələrin sularından yaranan dağ çayı kimi sürətlə axıb keçir. Nə yaxşı ki, özün bunu hiss etmirsən. Bir də xəbər tutarsan ki, saç-saqqalın ağarıb, elin ağsaqqalı, baba olmusan, nəvələrin imtahanına çəkilmisən. İş yaşda deyil, əsas məsələ yasadığın bu müddətdə nəyə nail olmağında, qazandığın uğurlardadır. 60 yaş insan həyatının müdriklik çağı, geriyə boylanıb qazandıqlarını saf-çürük edərək imtahan vermə məqamıdır, əziz dostumuz, qardaşımız, həmkarımız. Gəl, çeşmə suyu kimi axıb geden ömrün ilk günlərinə qayıdaq, nastolji hisslərini bir də təzələyək.

Kuzunqışlaq kənd məktəbində oxuyarkən də, ordu sıralarında xidmət edərkən də müəllim olmaq, ölkəmizə layiqli övladlar yetişdirmək arzusunda olmusan. Amma iş elə gətirdi ki, Bakı Maliyyə-kredit Texnikumunu bitirdin. Yerli təsərrüfatda mühasib, sovxoz azad komsomol komitəsinin katibi işləyəndə də müəllimlik arzusundan vaz keçə bilmədin. Nəhayət, 1980-1985-ci illərdə Azərbaycan Dövlət Pedagoji İnstitutunun coğrafiya fakultəsini bitirdin. İllərlə qəlbində yaşatdığın arzuna çatdın: Atlıxan kənd səkkizillik məktəbində müəllimliyə başladın. Bir il sonra oxuduğun doğma Kuzunqışlaq kənd orta məktəbinə döndün. Həmişə hörmətlə çəkilən, əməyin, zəhmətinlə doğrultduğun Teyfur adının sonuna şərəfli bir peşə adı da əlavə olundu:Teyfur müəllim!

Sizin bacarığınız, işgüzarlığınız rəhbərliyin gözündən yayınmadı. 1995-2003-cü illərdə doğma kollektivə rəhbərlik etdin, sonra 2009-cu ilə kimi Kuzunqışlaq kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışdın. 2009-cu ildən isə Zindanmuruqqışlaq kənd ümumi orta məktəbin direktorusan, peşakar, təcrübəli müəllim və böyük bir pedagoji kollektivin rəhbəri kimi məsuliyyətli bir vəzifəni ləyaqətlə doğruldursan.
Fəxr edir, qürurlanırsınız ki, dərs deyib tərbiyə etdiyiniz, labirintli həyat yollarında yeriməyi öyrətdiyiniz şagirdləriniz cəmiyyətimizin layiqli üzvləri kimi etimadınızı doğruldurlar. Sizin müsbət keyfiyyətləriniz-ailəyə, doğma işə bağlılığınız, dost-tanışlarınla xoş ünsiyyət saxlamaq bacarığınız, prinsipial məsələlərdə qərəzsiz, obyektiv mövqeyinizdir.

Kənddə tanınmış ziyalı olmağınız dostlarınız olaraq bizə başucalığı gətirir. Fəxr edirik ki, elə indi də ilk bahar təravəti ilə, həvəslə, ilhamla çalışır, sabahkı nəslin sağlam əqidəli, vətənpərvər, bilikli yetişməsi üçün qüvvə və bacarığını əsirgəmirsən. 60-cı baharın mübarək, əziz qardaşımız Teyfur müəllim, sənə möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq!

Hörmətlə: dostların Şamil, Əjdər, Haciqayıb və Qonaq