Nə yaxşı siz varsınız

Rayon mədəniyyət mərkəzində 8 Mart Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, ziyalıların nümayəndələri, ictimai-siyasi və mədəni həyatda fərqlənən qadınlar iştirak etmişlər.

Bayram mərasiminin iştirakçıları öncə mədəniyyət mərkəzinin foyesində düzənlənən rayon qadınlarının əl işlərinin, onların ədəbiyyat, sənət, idman sahələrində uğurlarının nümayiş olunduğu sərgi, müharibə iştirakçıları, xalq elçiləri, alim, ictimaiyyət fəalları olan qusarlı qadınların həyat və fəaliyyətini əks etdirən güşə ilə tanış oldular.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tədbirdə çıxış etmiş, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan icra başçısı bu siyasətin nəticəsi kimi hazırda rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların böyük bir qisminin qadınlar təşkil etdiyini, son illər qadınların dövlət qulluğunda və bələdiyyələrdə daha uğurla təmsil olunduğunu söyləmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən icra başçısı ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulamış, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün qadınlara örnək olduğunu diqqətə çatdırmışdır.

Yazın ilk və gözəl bayramı münasibətilə zərif cinsin nümayəndələrini təbrik edən rayon rəhbəri onlara səadət, firavanlıq, peşə fəaliyyətlərində uğurlar diləmişdir. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.

Bayram tədbiri respublikanın xalq artisti Niyaməddin Musayevin iştirak etdiyi maraqlı konsert proqramı ilə başa çatdı.

“QUSAR”