Yubilyar

 Xanım, ana, alim

Alim, elm deyiləndə gözümüzün önünə nədənsə nəhəng ixtiraların müəllifləri olan kişi cinsinin nümayəndələri canlanır. Amma xanım alimlərimiz elmə həmişə maraq göstərmiş, bir sıra icad və kəşflər etmiş qadınlarımız da az deyil. Ev, ailə, mətbəx, uşaqların tərbiyəsi kimi bitib-tükənməyən qayğılarla yanaşı elm aləmində, sənət dünyasında böyük uğurlara imza atmaq ikiqat hünərdir.

8 Mart qadınlar bayramı ərəfəsində sizə, ilk baxışda adi görünən, həqiqətdə böyük fədakarlıq nümunəsi göstərən bir xanım həmyerlimiz Kamilə Şıxəliyeva haqqında söhbət açmaq istəyirik.

Kamilə Balabəy qızı Şıxəliyeva (Əliyeva) 1953-cü il fevralın 23-də Bakıda anadan olmuşdur. 1970-ci ildə Qusar şəhər 1 saylı orta məktəbi bitirərək Bakı Tibb Məktəbində təhsil almış, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olaraq bu ali təhsil ocağının biologiya fakültəsini bitirmişdir.

1991-ci ilədək müxtəlif tibb müəssisələrində çalışan Kamilə xanım həmin ilin sentyabrından etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun Dənli bitkilərin genetikası və seleksiyası şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır.

1993-cü ildə həmin şöbədə dissertant keçərək akademik İmam Mustafayevin elmi rəhbərliyi altında işləmiş, 1999-cu ildə “SİMMİT/İKARDA” yumşaq bugda kolleksiyasının ekoloji dəyişkənliyi və Abşeron şəraitində seleksiya cəhətdən qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Seleksiya və toxumçuluq” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

Kamilə xanım 1991-2003-cü illər ərzində buğda genofondu ilə işləyərək, ilk dəfə olaraq Abşeron şəraitində yumşaq buğdanın yeni SİMMİT/İKARDA-dan alınmış 479 sort və xəttlərini beynəlxalq tədqiqat sistemində ekoloji dəyişkənlik parametrlərinə əsaslanaraq öyrənmişdir. Tədqiqat nəticəsində kompleks təsərrüfat əhəmiyyətli əlamət və xüsusiyyətlərə malikliyi ilə seçilən, donor formalarla yerli yumşaq buğda sortlarından istifadə olunaraq yerli buğda kolleksiyasını zənğinləşdirən uzaq ekoloji hibrid kombinasiyalar alınmışdır .

2003-cü ildən isə yeni mövzu- “Azərbaycanın dənli-taxıl və paxlalı bitkilərin genofondunun toplanması və öyrənilməsi” əsasında respublika ərazisində yayılmış və bəzi introduksiya olunmuş əkin göy noxudu, noxud, mərcimək və soya bitki nümunələrindən əkin materialları əldə olunmuş və artırılaraq öyrənilmişdir.

2012-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda ərzaq paxlalı (noxud, mərcimək) bitkilərin quraqlığa davamlı formalarının tədqiqi və məhsuldarlıq göstəricilərinin müəyyən edilməsi” layihəsinin icraçısı olan alim həmyerlimizin elmi fəaliyyəti nəticəsində özək kolleksiya yaradılmışdır. Seçilmiş quraqlığa davamlı formaların fermer təsərrüfatlarında səpini tövsiyə olunur ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı istehsalının yüksəlməsinə elmi töhfə olacaqdır.

Kamilə Şıxəliyevanın apardığı tədqiqatların məqsədi milli genofondun zənginləşdirilməsi üçün yerli və introduksiya olunmuş formaların toplanması, biomüxtəlifliyin öyrənilməsi, seleksiya məqsədləri üçün yeni donor xətt və formaların seçilərək artırılmasıdır. Həmin qiymətli formalar respublikamızın müxtəlif ekoloji bölgələrində: Cəlilabad, Biləsuvar, Masallı, İsmayıllı, Qəbələ, Qusar, Quba, Xacmaz və Şamaxı rayonlarının fermer təsərrüfatlarında əkilərək artırılır.

Kamilə xanım Trustfondun paxlalı bitkilərin tədqiqi və toxumların yerli və beynəlxalq genbanklarda uzunmüddətli saxlanılması layihəsinin iştirakçısı kimi də fəaliyyət göstərir. Onun apardığı elmi işlərin nəticəsində yerli genofond kolleksiyamız xeyli zənginləşmiş və həmin nümunələrin dublikatları uzunmüddətli saxlanmaq, toxum mübadiləsi məqsədi ilə beynəlxalq İKARDA mərkəzinə, Hindistan və Svolbord Şimal genbankına göndərilmişdir.

Hazırda kolleksiyanın yeni nümunələrlə zənginləşdirilməsi, onların beynəlxalq deskriptorlar əsasında öyrənilərək pasportlaşdırılması və məlumat şəbəkəsinə daxil edilməsi, milli genbank, qısa və uzunmüddətli saxlanmaq üçün özək kolleksiyaların yaradılması istiqamətində işlər davam etdirilir.

Kolleksiyada olan İKARDA mənşəli mərcimək genotiplərindən təkrar fərdi seçmə üsulu ilə yüksək məhsuldar qırmızı dənli “Jasmin” və noxud nümunələrindən hündürboylu, dənlik istiqamətli, ərzaq üçün yararlı “Cəmilə” sortları alınaraq Kənd təsərrüfatı nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Kommisiyasına təqdim olunmuşdur. Yeni seleksiya nailiyyəti olaraq “Jasmin” mərcımək sortuna patent verilmiş və 2017-ci ildə müvəffəqiyyətlə rayonlaşdırılmışdır.

Biologiya üzrə fəlsəfə doktoru Kamilə Şıxəliyeva dünyanın müxtəlif ölkələrində nəşr olunmuş 70-dən çox elmi əsərin və iki yeni sortun müəllifidir. Onun elmi əsərləri Azərbaycandan başqa Türkiyə, Rusiya, Ukrayna, Gurcustan, Serbiya və b. ölkələrdə nəşr olunmuşdur.

Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısı olan həmyerlimizin bitkiçilik, seleksiya və toxumçuluq üzrə kadrların hazırlanmasında (magistr və aspirant) xidmətləri də böyükdür.

Elm və təhsilin inkişafındakı nailiyyətləri nəzərə alınaraq (xarici, o cümlədən və Rusiya Həqiqibiliklər Akademiyasının jurnallarında nəşr olunmuş elmi əsərlərin ekspertizası nəticələrinə əsaslanaraq) Kamilə Şıxəliyeva 2016-cı ildə Rusiya Həqiqibiliklər Akademiyanın rəyasət heyəti və təltif komissiyası tərəfindən bu elm ocağının üzvlülüyünə qəbul olunmuş, ona akademiyanın professoru elmi adı verilmişdir.

Kamilə xanımın elm və təhsil sahəsindəki səmərəli fəaliyyəti yüksək dəyərləndirilərək elmi əsərlərinin annotasiyaları həmin akademiyanın kataloquna daxil edilmiş, 2016-cı ildə Rusiyanın xalq təsərrüfatı nailiyyətləri sərgisində keçirilən 29-cu Moskva Beynəlxalq Kitab Sərgisində və həmin ilin payızında Almaniyanın Frankfurt şəhərində təşkil olunmuş böyük dünya kitab sərgisində nümayiş olunmuşdur.

Azərbaycan MEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurası alimin səmərəli elmi fəaliyyətini nəzərə alaraq biologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi Kamilə Şıxəliyevaya “Seleksiya və toxumçuluq”- 3103.04 – ixtisası üzrə dosent elmi adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmış, bu yaxınlarda ona dosent elmi adı verilmişdir.

Xoşbəxt bir ailənin xanımı, üç övlad anası, bəxtəvər nənə olan həmyerlimiz bitib-tükənməyən ailə, məişət qayğılarını elmi yaradıcılığı ilə məharətlə uzlaşdırmağı bacarır. Hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həllində dənli-paxlalı bitkilərin genofondunun potensialı” adlı monoqrafiya üzərində çalışan Kamilə Balabəy qızını həm ad günü, eləcə də 8 Mart Beynəlxalq Qadınlar Günü-münasibətilə ürəkdən təbrik edir, ona ailə səadəti, yeni elmi uğurlar diləyirik.

Kəmalə Sevzixanova