Uğurlu islahatlar 2018-ci ildə də davam etdirilicək

2017-cı ilin yekunları, 2018-ci ildə qarşıda duran vəzifələr müzakirə olundu.

Fevralın 10-da rayon mədəniyyət sarayında Qusar RİH başçısı yanında şuranın geniş iclası keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevin, Milli Məclisin deputatı Azər Badamovun, RİHB-in yerlərdəki İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ictimayyəti nümayəndələrinin, ziyalıların, idarə, müəsisə və təşkilat rəhbərlərinin iştirak etdikləri yığıncaqda rayonun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Yığıncaqdan qabaq rayon rəhbərliyi və qonaqlar, ictimaiyyətin nümayəndələri Heydər Əliyev Xatirə Kompleksini ziyarət edərək ulu öndərin abidəsi önünə gül-çiçək qoymuşlar.

Yığıncaq iştirakçıları mədəniyyət sarayının foyesində təşkil olunmuş Qusarın kənd təsərrüfatı, sənaye, emal müəssisələrində istehsal edilmiş malların nümunələri, yerli idmançıların uğurları, milli əl işlərinin çeşidləri nümayiş etdirilən sərgi ilə tanış olmuşlar.

Salonda əvvəlcə Dövlət Himni səsləndirilmiş, rayonun həyatında ötən ildə baş verən mühüm hadisələri, abadlıq-quruculuq və mədəni-kütləvi tədbirləri əks etdirən film göstərilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır.

2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabatı yığıncaq iştirakçılarına Qusar Rayon İcra Hakimiyyəti başçısıın birinci müavini Şahid Fərəməzov təqdim etmişdir.

Rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası, qazanılmış nailiyyətlər, sahibkarlığın və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq, quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və təmiri, əhalinin qaz, elektrik enerjisi, suvarma və içməli su ilə təminatı, təhsil və tibb müəssisələrinin təmiri və əsaslı tikintisi, kommunal yaşayış binalarının təmiri və həyətlərin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması və digər məsələlərin geniş əks olunduğu məruzənin müzakirəsində çıxış edən rayon ağsaqqallar şurasının sədri Vahid Mehdixanov, RİH-nin Şirvanovka Kənd İƏ üzrə nümayəndəsi Yavər Mürsəlov, “Soyuzaqrokontrakt” MMC-nin baş direktoru Elnur Məhsimov, Xaçmaz Regional Qaz İstismarı idarəsinin Qusar xidmət sahəsi üzrə rəis müavini Vüsal Seyidov, “Azəravtoyol” ASC-nin 6 nömrəli Yol İstismarı MMC-nin rəisi Natiq Mehdiyev və başqaları ötən ilin uğurlardan danışmış, cari ilin tapşırıqlarının həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişlər.

Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək bildiriblər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektoru inkişaf etdirilib. Dövlət başçısı iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələr vermişdir.

2018-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə yaddaqalan olacağını bildirən natiqlər, ondan qabaqkı ildə aparılan iqtisadi islahatların davam etdiriləcəyini, iqtisadiyyatımızın daha da gücləndiriliməsi yönündə təsirli tədbirlərin görüləcəyini, insanlarımızın daha firavan yaşayışı üçün yeni sosial layihələrin reallaşdırılacağını söyləmişlər.

Şura iclasını RİH başçısı Şair Alxasov yekunlaşdırmış, çıxışlarda səslənən tənqid, təklif və mülahizələrə münasibətini açıqlamış, mövcud çatışmazlıqların aradan qaldırması üçün təklif və tövçiyələrini vermişdir.
Şura iclasında onun iştirakçıları adından Azərbacan Respublikasının Prezidenti İlham Əliyevə müraciət və müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir.

“QUSAR”