Müəllim ömrünün işığı və istisi

Müəllim! Bu ad səslənəndə hansı vəzifədə olursa-olsun insanın ruhunda ona qarşı hörmət, ülfət hissi oyanır. Çünki hansı peşəyə yiyələnməyimizdən asılı olmayaraq hər birimizin həyat yolunda müəllim əməyinin çox böyük rolu vardır. Bütün sənət sahiblərini müəllim yetişdirir. Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Şərqin müdriklərindən biri demişdir: “Əgər birillik planın varsa, taxıl ək. Əgər onillik planın varsa, bağ sal. Əgər yüzillik planın varsa, insanları öyrət!”

Yubilyarımız Kamil Aslanov belə müqəddəs, ülvi bir peşənin sahibidir. O, 1968-ci il yanvarın sazaqlı-şaxtalı bir günündə rayonumuzun qədim, səfalı güşələrindən biri olan Əniğ kəndində ziyalı ailəsində anadan olub. Gözünü bu dünyaya açandan ömrünü şam kimi gənc nəslin təlim-tərbiyəsi yolunda əridən atasını görüb. Uşaqlıqdan valideyninin yolunu davam etdirmək, əlində jurnal sinfə girib balacaları salamlamaq, biliklər aləmində onların bələdçisi olmaq arzusu ilə yaşayıb.

Doğma kənddə orta məktəbi bitirib sənədlərini əvvəlcə Bakı-Sənaye Pedaqoji Texnikumuna, oranı başa vurduqdan sonra Azərbaycan Müəllimlər İnstitutuna verib.

Ali təhsil ocağını bitirən gənc əmək fəaliyyətinə Sənaye Pedaqoji Texnikumunun Quba filialında müəllimliklə başlayıb. Səkkiz il burada çalışan Kamil Aslanov gənc kadrların yetişdirilməsinə layiqli pay qatmaqla bərabər, yaxşı təcrübə qazanıb, biliklərini real işdə sınamaq imkanından dolğun yararlanıb. Doğma kənd, uşaqlıqdan vurğunu olduğu təbiət onu kiçik vətəninə çəkib. Ata ocağına-Əniğə dönən Kamil Aslanov 2006-cı ildən etibarən Suvacal kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.

Tədris ocağının ictimai həyatında xüsusi fəallığı ilə seçilən Kamil müəllim vətənpərvərlik ruhunda hazırlanan tədbirlərdə şagirdlərin Vətənə vurğunluğu, təbiətimizin, ana torpağın qorunması ilə bağlı çıxışlarında hər bir yeniyetməyə Vətənin gələcək övladı kimi onların üzərinə düşən vəzifələri anladır.

Kamil müəllim bacarıqlı təhsil işçisi olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı, mehriban atadır. Həyat yoldaşı Gülçün xanım da həmin məktəbdə texniki fənlər üzrə müəllim işləyir. Onlar iki oğul böyüdüblər. Böyük oğulları Renad da ailə ənənəsini davam etdirmək qərarına gəlib: müəllimliyi seçib. Bu günlərdə Vətən qarşısında borcunu verib ordu sıralarından tərifnamələrlə tərxis olunub.

Əzizimiz Kamil müəllim, bu əziz gündə Sizə bol sevinc, gənc nəslin təlim-tərbiyəsi yönündə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları diləyirik.

Raya ƏŞRƏFOVA