Xoşbəxtliyini zəhmətdə tapdı

Zəhmətkeş insanlar barəsində söz demək, yazı yazmaq maraqlı, həm də məsuliyyətlidir. On ilə yaxın çiyin-çiyinə çalışdığım, ömrünün 40 ilini pedaqoji işə həsr etmiş, 65 illik yubileyinə hazırlaşdığımız Fəxrəddin müəllimin zəhmətsevərliyindən, zəngin mənəvi keyfiyyətlərindən danışmamaq günah olardı. Nə xoş ki, haqqında ürəklə danışa biləcəyimiz, əməyini təqdir etməkdən yorulmayacağımız belə müəllimlərimiz var.

O, 1953-cü il fevralın 16-da Düztahirdə, dil-ədəbiyyat müəllimi Fətulla Fətullayevin ailəsində dünyaya göz açıb. Ot kökü üstə bitər,-deyiblər. Fəxrəddin əvvəl Bakı Bədən Tərbiyəsi Texnikumunu, daha sonra pedaqoji institutun coğrafiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə qonşu Böyük Muruqda başlayan həmkarımız RİHB-in Düztahir İƏD üzrə nümayəndənin müavini fəzifəsində çalışdığı üç ili çıxmaqla bütün ömrünü məktəbə, pedaqoji işə sərf edib.

Tədris işləri üzrə direktor müavini təhsil ocağının ən çətin, cavabdeh vəzifəsidir. 2006-cı ildən bu ağır yükün məsuliyyətini çiyninə götürən Fəxrəddin müəllim həmkarları, şagirdləri ilə səmimi ünsiyyət qurmağa, təlim prosesinin məhsuldarlığını təmin etməyə nail olub. Onun bilavasitə rəhbərliyi ilə qurulan və tənzimlənən müəllim-şagird və məktəb-valideyn münasibətləri məktəbimizdə son illər bir sıra uğurların əldə edilməsinə imkan yaradıb.
O, məktəbdə tərbiyə işinin təşkilində məktəblinin ailəsinin öyrənilməsi, kollektiv tədbirlərin hazırlanması və keçirilməsində kənd ictimaiyyəti nümayəndələrinin, valideynlərin iştirakının təmin olunması, məktəbin təlim-tərbiyəsi və inkişafının gedişi, onun nəticələri haqqında məlumatların çatdırılması kimi işləri həmişə önə çəkir.
Həyatda hər bir insan öz müəllimlərini minnətdarlıq hissləri ilə xatırlayır. Çünki müəllim zamanlar arasında əlaqə yaradan nəsillər silsiləsində bir vəsilədir. Fəxrəddin müəllim də indiki zamanın estafetini gələcəyə verir. Bu isə onun əməyini daha cazibədar edir, gənclərin mənəvi yetkinliyi uğrunda daha gərgin çalışmağa ruhlandırır. Buna nail olmaq üçün məktəbdə tez-tez aktual mövzuda tədbirlər təşkil edir, bayramlar, əlamətdar günlər və digər respublika əhəmiyyətli hadisələrin qeyd olunmasında fəallıq göstərir, ədəbi-bədii gecələr, şagirdlər arasında bilik yarışmaları təşkil edir.

Həyat yoldaşı Mirayə xanımla beş övlad böyüdən qayğıkeş müəllim oğlanları-yüksək ixtisaslı cərrah olan Zamiklə, turizm üzrə peşəkar Ülvi ilə, peşə və ev-eşik sahibləri olmuş qızları Nargül, Zöhrə və Ülviyyə ilə, onların bəxş etdikləri beş nəvəsi ilə qürur duyur, fəxr edir.

Biz zəhmətkeş insan, bacarıqlı təhsil işçisi Fəxrəddin müəllimə ən xoş arzularımızı bildiririk: qoy qarşıdan gələn illər də ona sevinc dolu günlər bəxş etsin.

Ad günün, şad günün, 65 yaşın mübarək, əziz dost, həmkar!

Düztahir kənd orta məktəbinin kollektivi adından:
direktor Ədalət Qarayev