BUZLAQLAR

Buzlaqlar temperaturun il boyu 0C-dərəcədən aşağı olması və Yerin quru sahəsinə düşən yağıntıların il boyu ərimədən buz halında toplanmasından yaranır. Buzlaq qar xəttindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerlərdə əmələ gəlir. Buzlaq qar sərhədi ilə iki hissəyə bölünür: bu sərhəddən yuxarıda buzlağın qidalanma sahəsi yerləşir, burada qar yığılır və o buza çevrilir. Qar xəttindən aşağıda isə ablyasiya sahəsi (buzlağın əridiyi və buxarlandığı) yerləşir. Qar və buzun il boyu ərimədiyi hündürlük xəttinə qar xətti deyilir.

Buzlaqları öyrənən elm qlyasiologiya adlanır. Buzlaqlar rayon ərazisinin 0,42 faizə qədərini (6,6 km2) tutmaqla dağ buzlaqlarına ayrılır. Dağ buzlaqları qarın ərimədiyi hündürlükdən yuxarıda yerləşir. Qar xətti Qusar ərazisində 3900-4000 metrdən keçir. Dağın zirvəsində qar müxtəlif formada buza çevrilir. Qar kristalları böyüyərək firn buzu əmələ gətirir. Firn sıxlaşan iri dənəli qardır.

İqlimin istiləşməsi ilə bağlı sonuncu yüzillikdə buzlaqların sahəsi 10 km2-dən, 6,6 km2-ə qədər azalmışdır.

Buzlaqlar Bazardüzü zirvəsində (4466 m.) 3,6 km2, Bazaryurd zirvəsində (4126 m.) 1 km2, Tufandağda (4191 m.) 0,5 km2, Şahdağda (4243 m.) 1,2 km2, Yarudağda (4106 m.) 0,2 km2 sahə tutur.

Bazardüzündəki buzlaq daha böyükdür. Onun əsas hissəsi uzunluğu 1100 m. olan Tixisar buzlağıdır. Bundan başqa onun beş kiçik, sallanan dili də vardır.

Buzlaq məəli aşırımlar qədim buzlaqların fəaliyyəti nəticəsində yaranmışdır. Ərazidə Bazaryurd (3360 m.), Gurva (3378 m.), Tufan (3600 m.) Salavat (2895 m.), Qərbi Şahdağ (3900 m.) və başqa aşırımlar buzlaq məəlidir.

Tixisar buzlağının eni 100-200 metrdir. Onun aşağı kənarı 3125 m. yüksəklikdə qurtarır. Bazardüzü dağında konusvari zirvəni buzlaq örtüb. Zirvənin şərq hissəsindən 30-40 m. qalınlığında buz parçaları asılıb. Yamacın qərb hissəsindən sürüşən buzlaq iki böyük buz şəlaləsi yaratmışdır. Burada Tixisar buzlağından aşağıda, dar və dərin dərədə üstü cavan morenlə örtülmüş və qar uçqunlarından qidalanan, basdırılmış Murkar buzlağı da yerləşmişdir. Onun sahəsi 1,2 km2-dir.

Bazardüzü dağında yerləşən 7 buzlaq sahəsinin ümumi sahəsi 3,6 km2-dir.

Buzlaq çöküntüləri həmçinin buzlaq sularından çökən qum, gil, çınqıl flüvioqlyasial çöküntülər adlanır.

Şahdağ (4243 m.) qar xəttindən yuxarı qalxır. Onun şimal yamacında buzlaq 3900 metrə qədər alçalır. Burada sahəsi 3 km2 olan firn çölü vardır ki, bundan Tahircalçay dərəsinə buzlaq dili sallanır. Şahdağ buzlağı hamar zirvəni əhatə etməklə iki dildən ibarətdir. Biri şimal-qərbə, ikincisi isə şimal-şərqə doğru uzanır. Hər iki dilin arası qayalıq tirədir. Burada uçurumlardan tökülən şəlalələr öz suyunu əriyən qarlardan və buzlaqlardan aldığı üçün ancaq gündüzlər fəaliyyətdə olur.

Qayalıq qurşaqda şiş zirvələr, çılpaq qayalar, aşınmış süxurlar, qar talaları və buzlaqlar hökm sürür.

Qafqaz ərazisində nadir forma olan Şahdağ zirvəsindəki nazik qat şəklində buzlaq örtüyünün sahəsi 1,6 km2-dir. Qusar çayı hövzəsində buzlaq sahələrinin ümumi sahəsi 3,2 km2-dir.

Qusar ərazisindəki iki qədim-Üst Abşeron yaşlı (23,8-1,8 milyon il bundan əvvəl) Şahnabat buzlaşma izləri müəyyən edilmişdir. Buzlaşmaların izləri troq dərələr, karlar, sirklər, morenlər şəklində saxlanmışdır.

Ləzə moreni qədim buzlağın gətirdiyi çöküntü olub, dördüncü dövrün ortalarında yaranmışdır. 250 min il bundan qabaq dağların iqlimi soyuduğundan Şahdağ, Qızılqaya, Yarudağ yastanlarını buzlaq qalxanı örtmüşdür.

Onlardan qırılıb uçqunların ətəyinə tökülən buzlar tədricən yamac boyu dərələrə doğru hərəkət etmişdir. Eyni vəziyyət Baş suayrıcı silsiləsində də yarandığından Bazardüzü dağı ilə Bazaryurd dağı arasında yerləşən Yataxdərə, Bazaryurdla Tufandağ arasında yerləşən Əbildərə ilə şimala doğru hərəkət edən buzlaqlar Şahnabat dərəsində birləşərək çox qalın və güclü dağ-dərə buzlağı əmələ gətirmişdir. Bu buzlaq Şahyurdu yaylağı yaxınlığında nəhəng buz şəlaləsi əmələ gətirmişdir. Buz şəlaləsindən aşağı hərəkət edən buzlaq dərə boyu 15-20 kilometr məsafədə Ləzə kəndinə qədər uzanmışdır.

Vaxt keçmiş, iqlim tədricən istiləşdiyindən buzlaq zəifləmiş, tədricən geri çəkilmiş, lakin bəzi yerlərdə dayanmışdır. Həmin yerlərdə moren çöküntüləri yaranmışdır. Belə morenlər Şahyurdunda, Yataxdərədə saxlanmışdır. Buzlaq özündən sonra Şahnabat, Gurva, Yataxdərə kimi iri təknəvarı dərələr, Şahdağın, Tufandağın yamaclarında isə iri çökəkliklər-karlar yaratmışdır. İndi geri çəkilməkdə olan Bazardüzü, Şahdağ, Tufandağ buzlaqları həmin buzlaşmadan qalan yadigarlardır.

Buzlaq dili-dərə buzlağının qar sərhəddindən aşağıda yerləşən hissəsidir. Mexaniki hərəkət nəticəsində buzlaq dilləri dik yamaclar və uçurumlar qarşısında buzlaq uçurumlarını yaradır.

Toplamalarına görə ərazidəki buzlaqlar aşağıdakı növlərə ayrılır:

Asılı buzlaqlar sanki dik yamaclara yapışmış kimi görünür. Onların yuxarı hissəsi xarlanmış qar sahəsində olur. Uçurumları nalabənzər şəkildə əhatə edən belə buzlaqlarda tez-tez buzlaq uçqunları baş verir.

Bazardüzü buzlağının şimal-qərb hissəsi asılı buzlaqlara aiddir. Asılı buzlaqlara eləcə də Tufan, Bazaryurd dağlarında da rast gəlinir.

Kar buzlaqları adətən üç tərəfdən qayalarla əhatə olunur. Onların yuxarı hissələri bəzən suayrıcında olur. Bu buzlaqlar formaca dairəvi və yanlardan bir qədər sıxılmış kimi görünür. Adətən onların dilləri olmur. Ətraf qayalardan aşınıb tökülən süxurlar buzlağın səthində toplanır, nəticədə buzlaqaltı və buzlaqdaxili morenləri yaradır. Şahdağın cənub yamacında yerləşən Gavdan buzlağı kar tipli buzlaqlara aiddir.

Yastı zirvə buzlaqları dağ düzənliklərinin səthində yerləşir. Onların səthi yastı olub, ətrafa uçurumla enir. Yastı zirvə buzlaqlarında üst morenlər olmur. Şahdağ buzlağı da bu tipə aiddir. Bu buzlaqdan şimala qayalı tirə ilə ayrılan iki dil yamac üzrə aşağı enir.

Adətən, buzlaq tərəfindən toplanmış qırıntılardan (iri daşlar, çınqıl daşları, qum, gil və s.) təşkil olunmuş və laylı olmayan çöküntülərə moren deyilir.

Bunlardan əlavə “ölü” və ya “basdırılmış” buzlaqlar da vardır. Belə buzlaqlar dərə boyu sürətlə hərəkət etmiş buzlaq dilinin, buzlaq geri çəkilərkən kəsilib ayrılması nəticəsində əmələ gəlir.

Ölü buzlaqlar Bazardüzü, Bazaryurd, Tufan buzlaqlarının aşağı hissəsində, moren çöküntüləri altında basdırılmışdır.

Yarudağ, Nisendağ və s. dağların dar və dərin dərələrində qar uçqunları nəticəsində əmələ gələn dar və dərin dərə buzlaqları da vardır.

Dağ buzlaqları Qusar ərazisindən axan Şahnabat, Yataxdərə, Əbildərə, Tahircalçay, Şahçay, Gurvaçay və başqa çayların, yeraltı suların qidalanmasında, rayonumuzun özünəməxsus sərin iqlimin təmin olunmasında mühüm rol oynayır.        

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     Finyaz NURALİYEV,