İnsanlarımız yeni xəstəxananın imkanlarından maksimum yararlanmalıdırlar. Qusar RİH-nin başçısı Şair Alxasovun tibb işçiləri ilə görüşü

Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binaya köçdü. Təməli 2008-ci ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə qoyulan 170 çarpayılıq sağlamlıq ocağının açılışını da bu il fevralın 16-da möhtərəm prezidentimiz etmişdi. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Açılış mərasimində çıxış edən dövlət başçısı demişdi:

“Ümid edirəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaqdır. Yəni, burada yaradılan şəraitə uyğun olmalıdır. Burada quraşdırılan yeni, ən müasir avadanlıq əlbəttə ki, insanların sağlamlığının keşiyində duracaqdır. Ancaq bu avadanlıqla işləmək üçün həkimlər təlim kursları keçməlidirlər. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir və burada insanlara ən gözəl xidmət göstərilməlidir.” Dekabrın 5-də Qusar RİH-nin başçısı Şair Alxasovun yeni xəstəxana binasında səhiyyə işçiləri ilə görüşü olmuşdur. Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Baş Dövlət Sanitariya həkimi Abbas Vəlibəyovun da iştirak etdiyi görüşdə səhiyyə, insanlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunmuş, təkliflər irəli sürülmüş, tövsiyələr verilmişdir.

 

Səhiyyə işçiləri qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı çox böyük vəsait və zəhmət hesabına başa gələn, şimal zonasında ən böyük xəstəxana olan bu müəssisənin imkanlarından maksimum istifadə olunmasının, eləcə də buradakı avadanlıqların, inventarların, texniki qurğuların sahiblik hissi ilə qorunub daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd etmişdir.

Kadr, tibb işçilərinin peşə hazırlığı, əmək intizamı, peşə şərəfinin qorunması məsələsinə toxunan icra başçısı həkimlərin, digər xidmət personalının peşəkarlıq səviyyələrinin qaldırılması üçün ayrı-ayrı ixtisaslar üzrə mütəmadi ixtisasartırma kurslarına, təcrübə mübadilələrinə göndərilməsinin zəruriliyini vurğulamışdır.

Görüşdə çıxış edən MRX-nın baş həkimi Mübariz Zeynalov məlumat verərək demişdir ki, 128 həkim və 381 nəfər orta tibb işçisinin fəaliyyəti ilə rayon əhalisinə 2 kənd sahə xəstəxanası, 19 həkim məntəqəsi, 39 tibb məntəqəsi və yeni istifadəyə verilən bu əzəmətli, geniş, işıqlı ən müasir standartlara uyğun yeni tikilmiş rayon mərkəzi xəstəxanası vasitəsilə 24 saat fasiləsiz stasionar və ambulator tibbi xidmət göstərilir.

Vaxtilə pərakəndə halda olan RMX-nin şöbələri bir binaya planlı şəkildə yerləşdirilmiş, tam sanitar-gigiyenik və müasir tələbata uyğunlaşdırılmışdır. RMX-da qəbul, şüa diaqnostika, laboratoriya, APM və qadın məsləhətxanası, konsultativ poliklinika və TTYŞ-ri ilə ambulator tibbi yardım, cərrahiyyə, reanimasiya, terapiya, vərəm, uşaq xəstəlikləri, yoluxucu xəstəliklər və doğum şöbələri vasitəsi ilə stasionar müayinə və müalicə tədbirləri həyata keçirilir.

Xəstəxanada ən müasir rentgen, laboratoriya və USM aparatları qurulmuş yüksək keyfiyyətli avadanlıqlar və tibbi alətlərlə təchiz olunmuşdur. Həmçinin mərkəzləşmiş istilik, işıqlandırma, havalandırma və ATS sistemləri, fövqəladə hallar üçün avtomatik generator qurulmuşdur.

Yeni xəstəxana binasına köçdükdən sonra stasionar müalicə olunan xəstələrin sayında dinamik artımın müşahidə olunduğunu qeyd edən baş həkim burada nəqliyyat vasitələri və oksigen xətti ilə bağlı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin də yaxın müddətdə yoluna qoyulacağına əminliyini bildirmişdir.

Respublika səhiyyə nazirinin müavini, Baş Dövlət Sanitariya həkimi Abbas Vəlibəyov öz çıxışında son zamanlar səhiyyə sahəsində aparılan islahatlar, ölkə rəhbərliyinin insanlarımızın sağlamlığına göstərdiyi qayğı barədə məlumat verərək dedi ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir.

İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, ən ağır xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyəəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyəəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.

Görüşdə çıxış edən rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev, RMX baş həkiminin müavini Arif Əliyev, cərrahiyyə şöbəsinin müdiri Mahir Bədəlov, rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Nadirşah Şirinov, təcili tibbi-yardım stansiyasının müdiri Vahid Mehdixanov, həkimlərdən Novruzəli Sultaliyev, İslam Dəmirov insanların sağlamlığı naminə belə gözəl fəaliyyət şəraiti yaradıldığına görə ölkə və rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, təklif və arzularını səsləndirmiş, vətəndaşların sağlamlığı keşiyində sərvaxt dayanacaqlarına söz vermişlər.