Zamanın tələbi ilə yarandı

      Rayonumuzda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təntənə ilə qeyd olundu. Rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın memarı və yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Qusar rayon mədəniyyət sarayında düzənlənən tədbiri YAP Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov açaraq partiyanın yaranma tarixinə geniş ekskurs etmiş, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvə olduğunu, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulamışdır.

Natiq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının ən fəal və sadiq dəstəsi olan Qusar təşkilatı 1992-cü ilin fevralında təsis edilmişdir. 96 ərazi ilk partiya təşkilatını özündə birləşdirən təşkilatın 4896 nəfər üzvü vardır. Üzvlərin 2100 nəfərini qadın, 3130 nəfərini isə gənclər təşkil edirlər. Təşkilatın nəzdində qadınlar şurası və gənclər birliyi fəaliyyət göstərir. YAP üzvləri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında olduqca fəal rol oynayırlar. YAP-ın 20 illiyi ərəfəsində partiyaya axın daha da çoxalmışdır. Son vaxtlarda partiya sıralarına 270 nəfərə yaxın gənc daxil olmuşdur.

 

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov siyasi həmfikirlərini təbrik etmiş, partiyanın siyasi yönümünün ölkəmizin indiki durumuna uyğun olduğunu, Azərbaycan dövlətçiliyinə, ümummilli liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, onun ideyalarının təntənəsinə sədaqətlə xidmət etdiyini vurğulamışdır. İqtidar partiyası olaraq YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür.

Yubiley tədbirində çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışmış, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar.

Rayon təşkilatının üzvlərini yubiley münasibətilə təbrik edən Qusar RİH-in başçısı Şair Alxasov demişdir ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında 550 mindən artıq üzvü birləşdirən YAP ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir.

Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab vermiş, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət etmişdir.

Sonra YAP rayon təşkilatının veteranlarından və fəallarından bir qrupuna yubileylə bağlı xatirə hədiyyələri, həmçinin partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Yubiley mərasimi incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etmişdir.