Paytaxtda bal satış-sərgisi

Ənənəvi bal yarmarkasına həmişəki kimi qusarlı arıçılar da qatılmışlar. R İH başçısı aparatı aqrar məsələlər şöbəsinin baş məsləhətçisi Şahvar Əzizovdan aldığımız məlumata görə sərgidə qusarlı araçılar da iştirak edirlər. Rayonumuzu təmsil etmək zəhmət və səbr tələb edən bu sahədə kifayət qədər təcrübəsi olan kuzunqışlaqlı Ağasi Mirzəyevə, yuxarızeyxürlü Abdurəhim Qaraxanova və həsənqalalı Vəlibəy Quyubəyova etibar olunub.

İcra yetkilisinin məlumatına görə Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kino-teatrının yaxınlığında yerləşən “Laləndə” şadlıq sarayında keçirilən yarmarkanın açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışmış, yarmarkanın əhəmiyyətindən bəhs etmişdir.

 

Sərgi-satış yarmarkası xüsusilə Bakı sakinlərində böyük maraq doğurur. Yarmarkanın məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.

Nazir müavini diqqətə çatdırıb ki, yarmarkaya 51 şəhər və rayondan 200 nəfər arıçı gəlib. Satışa 107 ton bal, 40 kiloqram çiçək tozu, 1,5 kiloqram arı südü, 10 kiloqram vərəmum çıxarılıb. Yarmarka başlamamışdan əvvəl satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılır. 1 kq yüksək keyfiyyətli bal 15 manata satılır.

Aslan Aslanov onu da bildirib ki, Azərbaycanda “Peşəkar arıçılar”, “Qızıl pətək”, “Dağ arıçıları” ictimai birlikləri fəaliyyət göstərir. Bunlarla yanaşı, respublikada Arıçılar İttifaqı yaradılıb. Onlar bu sahədə geniş iş aparırlar. Nazirlik arıçılığın inkişaf etdirilməsinə ciddi fikir verir. Nazirliyin sözçüsü əlavə edib ki, gələn il daha böyük, 400-500 nəfərlik yerdə sərgi-satış yarmarkasının keçirilməsi planlaşdırılır.