Yeni şerlər Abuvəkil Qorxmazov

“…Çoxu poeziyaya gəncliyində aludə olur,-dedi bu yaxınlarda

redaksiyamıza gələn ağsaqqal pedaqoq, ömrünün mənalı illərini

şərəfli peşə olan müəllimliyə həsr etmiş Abuvəkil Qorxmazov- Amma

mən fikirlərimi bu yaşımda şerlə ifadə etmək həvəsinə düşmüşəm.

Şagirdlərimə, cavan nəslə öyüd-nəsihətlərimi nəzmlə qələmə

almışam”.

Abuvəkil müəllimin iki şerini oxucularımıza təqdim edirik.

 

 

                       

        Bizim qızlar

 

Saf məhəbbət dünyasıdır,

Nurlu həyat aynasıdır,

Gələcəyin anasıdır

Şux qamətli bizim qızlar.

 

Ailənin yaraşığı,

Çöhrəsində nur işığı,

Bir aləmdir danışığı-

Şirin dilli bizim qızlar.

 

Böyüklərə hörmət edir,

Çox mehriban yola gedir,

Sədaqətdə nümunədir-

Gülər üzlü bizim qızlar.

 

Elmlərə həvəsi var,

“Beş” qiymətlə oxuyurlar,

Ali təhsil qazanırlar-

Hünərlidir bizim qızlar.

 

Həyat yolun özü seçir,

Nişanlanır, gəlin köçür,

Doğma evdən ayrı düşür-

Çox kövrəkdir bizim qızlar.

 

Qovuşsun xoş arzulara,

Sadiq olsun dosta, yara,

Zinət olsun bu diyara-

Şəhla gözlü bizim qızlar                           

                         

               Bəzi gənclərə

 

Cavansan, öyünmə, qocalacaqsan,

Ahıllıq həyatı deyildir asan.

Qocalıb bir zaman tək tənha qalsan,

Həmsöhbət tapmayıb darıxacaqsan.

 

Gülmə ahıllara, gülərlər sənə,

Vaxt gələr düşərsən sən də o günə.

Qamətin əyilər, gəzə bilməzsən,

Gözlərin yaşarar, görə bilməzsən.

 

Bədəndə qüsurlar həddini aşar,

Yaddaş zəifləyər, dilin dolaşar,

Uzaq yola çıxsan tez yorularsan,

Piyada gəzəndə yolda qalarsan.

 

Bir işdən yapışsan ürək tələsər,

Nəfəsin təngiyər, əllərin əsər.

Zəif eşidərsən, zəif görərsən,

Belə bir minvalla ömür sürərsən.

 

Aynaya baxanda çox utanarsan,

Ürəyin ağrıyar, fikrə dalarsan,

Gənclik çağlarını yada salarsan –

Bunları yadından çıxarma bir an.

 

Güvənmə rütbəyə, aldanma vara,

Çalış hörmət elə sən ahıllara.

Görsə hörmətini müdrik qocalar,

Sənin də hörmətin göyə ucalar.

 

 

.