“Qusar” qəzetinin 80 illik yubileyi münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun təbriki

Zəngin ənənələrə malik Azərbaycan mətbuatı və onun bir halqası olan “Qusar KüIar” qəzeti yarandığı gündən bəri xalqın mənəviyyatının, milli şüurunun formalaşmasında mühüm rol oynamış, çətinliklərlə üzləşərək şərəfli inkişaf yolu keçmişdir.

Respublikamızda hüquqi dövlət quruculuğu, iqtisadi, siyasi, mədəni islahatların həyata keçirilməsi, demokratiya və insan hüquqlarının müdafiəsi, dövlət dilinin qorunması, dövlətçilik və azərbaycançılıq ideyalarının təbliğində milli mətbuatımız əvəzolunmaz rola malikdir. Odur ki, respublikamızda son illər kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz azadlığının təmin edilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, zəruri qanunvericilik bazası yaradılmış, fikir plüralizminə əsaslanan ictimai-siyasi mühit formalaşdırılmışdır.

Görülmüş tədbirlər nəticəsində respublikada nəşr olunan yüzlərlə qəzet və jurnalın, fəaliyyət göstərən informasiya agentliklərnin, müstəqil televiziya və radio kanallarının sərbəst fəaliyyəti cəmiyyətimizdə söz azadlığının bariz nümunəsinə çevrilmişdir.

 

Azərbaycan mətbuatının bir nümunəsi və rayonumuzun yeganə mətbuat orqanı olan “Qusar KüIar”qəzeti nəşrə başladığı gündən ötən 80 il ərzində rayonun ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, dövlətçilik ideyalarının fəal təbliğatçısı kimi çıxış etmişdir. Maraqlı yazıları və aktual mövzuları ilə oxucu məhəbbəti qazanmış “Qusar KüIar” dövlət siyasətinin rayonda həyata keçirilməsində mühüm rol oynamışdır.

Bu gün “Qusar KüIar”ın keçdiyi tarixi yola nəzər saldıqda qəzetin mərhələli inkişafının, tədricən həm məzmun, həm də texniki imkanlar baxımından zənginləşməsinin şahidi oluruq. “Qusar KüIar” qəzetinin bugünkü səviyyəyə gəlib çatmasında bu qəzetə müxtəlif zamanlarda rəhbərlik etmiş mətbuat işçilərinin, dəyərli ziyalıların, bu nəşrin ərsəyə gəlməsində rolu olmuş hər bir insanın əməyi minnətdarlıqla xatırlanır.

Şərəfli tarixə malik Azərbaycan mətbuatının bir nümunəsi olan “Qusar KüIar” qəzetinin yaşadılmasında, inkişaf etdirilməsində xidmətlər göstərmiş bütün mətbuat işçilərini, bu gün kollektivdə çalışan əməkdaşları şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edirik.

Ümidvarıq ki, “Qusar KüIar” qəzeti və onun yaradıcı kollektivi bundan sonra da obyektivlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edəcək, dövlətimizin və dövlətçiliyimizin inkişafı, ölkədə və rayonda gedən quruculuq prosesini öz səhifələrində peşəkarlıqla işıqlandıraraq geniş oxucu kütləsinə çatdırmaqda yaradıcılıq imkanlarından maksimum istifadə edəcəkdir.