Kalunxür daha ucqar deyil

Çıxışlardan sonra baş prokuror Zakir Qaralovla Qusar RİH-nin başçısı Şair Alxasov açılışı bildirən rəmzi qırmızı lent kəsilmiş, birinci sinif şagirdləri yeni təhsil ocağına qədəm basmışlar.

Qonaqla məktəbdə yaradılmış şəraitlə tanışlıq olmuşdur.

Respublikanın baş prokuroru yeni məktəbə iki kompüter və notbuk dəsti, proyeksiya qurğusu və televizor hədiyyə etmişdir.

Respublikanın baş prokuroru Zakir Qaralov və Qusar RİH-nin başçısı Şair Alxasov yeni tikilib istifadəyə verilmiş 480 şagird yerlik Gədəzeyxür kənd orta məktəbinə də baş çəkmiş, burada yeni nəslin təlim və tərbiyəsi üçün yaradılan şəraitlə tanış olmuşlar. Məktəbin direktoru Abubəkir Qədimov qonaqlara təhsil ocağı barəsində məlumat verərək bildirmişdir ki, dövlət vəsaiti ilə yüksək standartlara uyğun inşa edilən yeni məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmış, təhsil ocağı lazımi inventar və avadanlıqla təchiz olunmuşdur.

Respublikanın baş prokuroru Zakir Qaralov bu təhsil ocağına da iki kompüter və notbuk dəsti, proyeksiya qurğusu və televizor hədiyyə etmiş, burada təhsil prosesinin gedişi ilə müntüzəm maraqlanacağını, kollektivin uğurlarını izləyəcəyini bildirmişdir.

 

Baş prokuror və RİH başçısı məktəbin pedaqoji kollektivi ilə xatirə şəkli çəkdirmişdir.

Rayon mərkəzinə gələn baş prokuror Zakir Qaralov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Qusar Olimpiya Kompleksi ilə tanış olmuşdur.

Bu sərhəd kəndində yeni məktəbin açılışı bayram əhval ruhiyyəsi yaratdı

Yuxarı Kalunxür yeni əraziyə köçməyindən başqa belə təntənənin şahidi olmamışdı. Qonşu kəndlərlə bərabər su problemi, xüsusilə yolların keçilməzliyi ilə üzləşən camaat məktəbdən gileylənməyə girəvə də tapmırdı. Həzrədən Kalunxürədək olan 20 kilometrə yaxın məsafəni asfalt örtüklü, yeni, rahat yolla mən və yüzlərlə yol yoldaşım 20 dəqiqəyə qət etdik.

Kənddə qısa vaxtda tikilib açılışa hazır məktəbin həyəti bayram libasında idi. Bu da səbəbsiz deyildi: Azərbaycanın şimal bölgəsinin ən ucqar nöqtəsində yerləşən bu kəndin yeni məktəbinin açılışına respublikanın baş prokuroru Zakir Qaralov, Qusar RİH-nin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov, rayonun idarə və müəssisə rəhbərləri təşrif buyurmuşdular.

Açılış mərasimində çıxış edən     RİH-nin Yuxarı Kalunxür İƏ üzrə nümayəndəsi Asəf Maqsudov, kənd ağsaqqalı Ənvər Atluxanov, kənd orta məktəbinin direktoru Vaqif İbrahimov ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Yuxarıkalunxürlüləri salamlayaraq əlamətdar gün münasibətilə təbrik edən Qusar RİH-nin başçısı Şair Alxasov son illər rayonda həyata keçirilən tikinti-abadlıq, quruculuq tədbirləri, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi sahəsində atılan addımlar, xüsusilə də təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə müfəssəl məlumat vermişdir:

-Buradakı çıxışların birində “rayonun ucqar kəndi” ifadəsini eşitdim. Bu ifadə günümüzün reallığı ilə uyğunlaşmır. Artıq Yuxarı Kalunxürü rayon mərkəzi, digər kəndlərlə rahat yol birləşdirir. Bura sərhəd kəndidir. Hər birimiz üçün müqəddəs olan sərhədlərimiz etibarlı şəkildə qorunur və yerli əhali bu işdə sərhədçilərimizə yaxından köməklik göstərir. Yeni məktəb dövlətimizin, onun başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının camaatımıza, gənclərimizə, yetişməkdə olan nəslə böyük qayğısının bariz nümunəsidir. Ümidvarıq ki, siz də bu qayğıya təhsildə qazanacağınız yeni uğurlarla cavab verəcəksiniz. Arzumuz odur ki, bu kəndin gələcək müəllimi də, həkimi də, başqa peşə sahibləri də bu məktəbdə yetişsin.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov kənd camaatını, məktəbliləri və valideynləri yeni məktəbin istifadəyə verilməsi, “Bilik günü” bayramı münasibətilə təbrik etmişdir. Millət vəkili demişdir ki, həyatın, cəmiyyətin əsası təhsillə ölçülür. Əhəmiyyətli fəaliyyət sahəsi olan təhsil hər bir dövlətin siyasi, iqtisadi, sosial və mədəni inkişafını müəyyənləşdirir. Müstəqil Azərbaycanın inkişafının əsasını qoymuş ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər təhsildə də öz bəhrəsini vermiş, elm və təhsilə qayğı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndərin böyük quruculuq yolunu Prezident İlham Əliyev elm və təhsil sahəsində də uğurla davam etdirir.

Yeni məktəbin açılışında, “Bilik günü”ndə çıxış edən respublikanın baş prokuroru Zakir Qaralov ölkə başçısının salamlarını, ən xoş arzularını kənd camaatına çatdırmışdır:

-Təhsil ölkəmizdə həmişə birinci dərəcəli önəm verilən sahə olub və bu gün də belədir. Bir dərs ilində, eyni gündə 8 məktəbin açılışını etmək bir zamanlar xəyalımıza belə gəlməzdi. Amma bu, faktdır. Ölkəmizdə gedən vüsətli quruculuq işlərinin bariz nümunəsini Qusar rayonunun timsalında aydın görmək mümkündür. Mən inanıram ki, bu kəndin yetirmələri olan gənclər Azərbaycanın tərəqqisi, ərazi bütövlüyünün bərpası üçün var qüvvələri ilə çalışacaqlar.