Azad sözün keşiyində

Azərbaycan Respublikası qanunverciliyinə əsasən ölkəmizdə kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas hüquq və azadlıqlardan biridir.

Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.

Ölkə başçısının “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 27.12.2001-ci il tarixli sərəncamında peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara edilən təzyiqlərlə bağlı daxil olmuş müraciətlərin ciddi araşdırılması, bu sahədə cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması respublika baş prokuroruna tövsiyə edilmişdir.

 

 Kütləvi informasiya azadlığının təmin edilməsi sahəsində prokurorluq orqanlarının apardığı işin səmərəliliyi müvafiq dövlət orqanları, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqənin çevikliyindən çox asılıdır.

İctimai maraq kəsb edən informasiyanın cəmiyyətə obyektiv şəkildə təqdim olunması dövlət əhəmiyyətli məsələ olduğundan ölkəmizdə demokiratik dəyərlərin daha səmərəli tətbiq olunması üçün geniş qanunvericilik bazası yaradılmışdır və onun təkmilləşdirilməsi üçün tədbirlər görülür.

Cəmiyyətin yeni inkişaf mərhələsinin əsas amillərindən biri geniş informasiya mübadiləsinin həyata keçirilməsi olduğundan bu sahədə daha səmərəli müasir üsul və metodların tətbiq edilməsi zərurəti yaranır.Məlumat azadlığının həyata keçirilməsinə əlverişli şərait yaradılması, xüsusi maraq kəsb edən, cəmiyyətdə geniş əks-səda doğuran cinayət işlərinin istintaqı barədə mütəmadi olaraq ictimaiyyətə dolğun və obyektiv məlumat verilməsi prokurorluq orqanlarının əsas vəzifələrindən biridir.Prokurorluğun ictimaiyyətlə əlaqəsinin həyata keçirilməsinə cavabdeh olan qurumlarının və işçilərinin fəaliyyətində sistemlilik, müntəzəmlik, səmimilik və dəqiqlik, tamlıq və dolğunluq, habelə əlaqələndirmə prinsiplərinə dönmədən əməl olunmalıdır.Qeyd olunan məsələlərə lazimi əhəmiyyət verilməməsi, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqənin zəif təşkil olunması, böyük maraq doğuran məlumatların ötürülməsində qeyri-çevikliyə yol verilməsi həmin məlumatların ictimayyətə təhrif olunmuş halda çatdırılmasına səbəb olur və nəticə etibarı ilə hüquq mühafizə orqanlarının nüfuzuna xələl gətirir.

Son illər ərzində prokurorluq orqanlarında həyata keçirilən islahatların tərkib hissəsi kimi prokurorluğun ictimayyətlə əlaqələrinin səmərəliyi diqqət mərkəzində olmuş, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının geniş tətbiqi üçün tədbirlər görülmüşdür. Baş prokurorluq üzrə “Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri hökümət təşkilatları ilə əlaqələrin təkmilləşdirilməsi haqqında” 27.03.2001-ci il tarixli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə 29.12.2001-ci il tarixli, “Azərbaycan Respublikası baş prokurorluğunun elmi-praktiki jurnalının təsis edilməsi haqqında” 20.05.2003-cü il tarixli və “Azərbaycan Respublikasının baş prokurorluğunun veb-saytının yaradılması haqqında” 25.03.2004-cü il tarixli əmrlər imzalanmış, “Qanun çərçivəsində” aylıq televiziya verlişləri proqramı faliyyətə başlamışdır.

2005-ci ilin mayın 11-də  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Nazirlik və komitələrin mətbuat xidmətlərinin işinin təşkilinə dair” müşavirə keçirməklə, ictimaiyyətlə, kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatlarla əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində konkret tədbirlər və bu sahədə mahiyyətcə yeni mühüm prinsiplər müəyyənləşdirilmişdir.

Müşavirədə prokurorluq orqanlarının ictimaiyyətlə, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin təşkili üçün müvafiq tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.Bu baxımdan “Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları” ilə bağlı 27.06.2005-ci il tarixli əmri xüsusi ilə qeyd edilməlidir. Qusar rayon prokurorluğunun əməkdaşları kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə işgüzar münasibətlər qurmuşlar.

Məmmunluqla qeyd edirəm ki, ötən dövr ərzində və hesabat dövründə peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi barədə rayon prokurorluğuna heç bir məlumat daxil olmamışdır.

Digər kütləvi informasiya vasitələri ilə bərabər Qusar rayonunda 1932-ci ildən fəaliyyət göstərən “Qusar KüIar” qəzetinin fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır. Dövlətçilik ideyalarının təbliğ edilməsində, Azərbaycan dövlətinin iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi böyük uğurların vətəndaşlara çatdırılmasında, ölkədə aparılan köklü islahatların mahiyyətinin izah edilməsində bu qəzetin rolu xüsusi ilə qeyd edilməlidir.

Rayon qəzetinin hüquqi birliklərin təbliğində, dayanıqlı ictimai-siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşdırılmasında, vətəndaşların hüquqi şüurunun yüksəldilməsi istiqamətində fəaliyyəti xüsusi qeyd edilməlidir.

Bu məqsədlə “Qusar KüIar”ın səhifələrində mütəmadi olaraq prokurorluq orqanlarının hesabatları, prokurorluq və məhkəmə əməkdaşlarının, RPŞ-nin vəzifəli şəxslərinin, hüquqşünasların məqalələri dərc edilir. Biz bu istiqamətdəki əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Qəzetinizin fəaliyyətinin daha da yaxşılaşdırılması, müasir tələblərə cavab verməsi baxımından kollekvinizə tövsiyələrimiz də vardır. İstərdik ki, müasir texnoloji innovasiyalar qəzetin fəaliyyətində tətbiq edilsin. “Qusar KüIar”ın internet saytında multimedia fəaliyyət göstərsin ki, istifadəçilər ora daxil olmaqla video çarxları, səsli xəbərlər portalını dinləmək, şəkilləri, səsli səhifələri, infografika və foto-   slaydları izləmək imkanı qazansınlar.

Rayonda görülən tikinti-abadlıq işlərinin işıqlandırılması ilə yanaşı rayon ictimayətini narahat edən problemlər, nöqsanlar daha çox qabardılmalıdır. Qəzet dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və qətiyyətinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin artırılması istiqamətində əməli köməklik göstərməlidir.

Sonda redaksiya kollektivinə yeni yaradıcılıq nailiyyətləri, şəxsi həyatlarında cansağlığı, ailə səadəti arzulayırıq.

Zahid VƏLİYEV,

Qusar Rayon Prokuroru, baş ədliyyə müşaviri