İdman bütün ictimaiyyət üçün

Açıq Əyləncəli Futbol Məktəbinin əsas məramıdır.Sentyabrın 25-də Qusar şəhər Şövkət Orduxanov adına Mərkəzi stadionda rayonumuz üzrə “Açıq Əyləncəli Futbol” məktəbinin açılışı keçirilmişdir. Tədbirdə Respublika Açıq Əyləncəli Futbol məktəbinin məsul işçisi Kərim Ağayev, AFFA-nın şimal bölgəsi üzrə prezidenti Yaşar Şamilov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon Gənclər və İdman idarəsinin rəisi Emil Əmirmətov “Açıq Əyləncəli Futbol Məktəbi”nin “İdman hamı üçün” əsas prinsipini özündə ehtiva etdirdiyini, bu idman növünün Danimarkanın Futbol Assosiasiyasının konsepsiyalarına əsasən hazırlandığını və başlıca məqsədin “əyləncəli konsepsiya”dan ibarət olduğunu bildirmişdir.
O, uşaq və yeniyetmələrin sağlamlığının qorunmasında və kütləvi bədən tərbiyəsinin inkişafında “Açıq Əyləncəli Futbol Məktəbi” nin əhəmiyyətindən bəhs edərək tədbirin təşkilində əsas məramın idman mədəniyyətinin bütün ictimaiyyət üçün yüksək səviyyəyə qaldırılmasından ibarət olduğunu xüsusi vurğulamışdır. Açılış mərasimində iştirak edən rəsmi qonaqlar Kərim Ağayev və Yaşar Şamilov da iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışlar.
Oyunlarda iştirak edən 160-a yaxın uşaq və yeniyetmə iki gün ərzində tam futbol aləmində oyunlarla və əyləncələrlə məşgul olmuşdur. Tədbirin əvvəlində oyunlarda iştirak etmiş hər bir uşaq və yeniyetməyə açıq əyləncəli futbol məktəblərinin icracı direktoru, danimarkalı Anders Levinsen tərəfindən təsis olunmuş idman inventarları təqdim olunmuşdur.

Sevil DƏMİROVA,
gənclər və idman idarəsində gənclərlə iş üzrə aparıcı məsləhətçi