Urvada yeni evlər …
Urva kəndi ərazisində sürüşmə zonasına düşən ev sahibləri uzun müddət idi ki, qonşu və qohumlarına sığınaraq ev tikintisi üçün yuxarıların razılığıını gözləyirdilər.
Yeni yaşayış evlərinin tikilməsi üçün smeta və tikinti layihələrinin tərtibi, sənədlərin hazırlanması, torpaq sahələrinin ayrılması müəyyən qədər vaxt tələb edirdi. “Qusar” “İldən ilə köçən ümid” sərlövhəli yazıda (17.01.2012) başbilənlərdən soruşmuşdu:“…bu ailələrin yeni mənzillərə köçmək ümidi əjdaha ilində dorulacaqmı?”
Nəhayət, xoş xəbər alındı. Fövqəladə Hallar Nazirliyi tərəfindən artıq bir aydan çoxdur ki, Urva Bələdiyyəsinin ehtiyat fondundan ayrılmış 1,80 ha torpaq sahəsində tikinti işləri aparılır.
Torpaq sürüşməsi nəticəsində ömrü boyu yaşamış evləri təhlükə altında olan 15 ailə yaxın zamanlarda 2, 3 , 4 otaqlı mənzillərlə və 0,12 ha həyətyanı sahə ilə təmin olunacaqdır.
Torpaq sürüşməsindən zərər çəkənlər yeni evlərin tikintisindən razı qaldıqlarını bildirsələr də, doğma ev– eşiyin şirinliyini, özəlliyini xüsusi olaraq vurğuladılar. Axı uzun illərin zəhməti hesabına qurulan həyət–bacadan ayrılmaq heç də asan deyil.
Təki kəndlərindən, elindən–ulusundan ayrı düşməsinlər. Yeni yaşayış məhəlləsində oğul–uşaq toyu görsünlər, nəvə–nəticə böyütsünlər.