Cari ilin ən yüksək balı: 608!
Qusarlı məzunlar arasında onu Yuxarı Zeyxür kənd tam orta məktəbinin şagirdi Canmirzə Ağacanov toplamışdır. 2012-2013-cü tədris ilində respublikanın ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd vermiş abituriyentlərin imtahan həyəcanı artıq arxada qalmışdır. Hazırda, 07.08.2012-ci il tarixindən 16.08.2012-ci il tarixinə kimi, müsabiqə şərtlərini ödəmiş abituriyentlər ixtisaslarını seçib təsdiq edirlər.
Rayonumuz üzrə 381 nəfər cari ilin məzunu ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 130 nəfəri müsabiqə şərtlərini ödəyərək ixtisas seçimi mərhələsinə qoşulmuşdur.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, abituriyentlər ixtisas seçimi zamanı ehtiyatlı olmalı, real imkanlarını qiymətləndirməyi bacarmalıdırlar. Bu işdə onlara bu sahədə təcrübəsi olan mütəxəssislərin məsləhətləri faydalı ola bilər.
Rayon üzrə ən yüksək nəticəni Yuxarı Zeyxür kənd tam orta məktəbinin məzunu Canmirzə Ağacanov göstərmişdir: 608 bal! Şəhər 2 saylı tam orta məktəbinin məzunu Səyidə Həsənova 595, Yuxarı Zeyxür kənd tam orta məktəbinin məzunu Azad Həsənov 588 bal toplamışlar.
İxtisas seçiminin birinci turunun nəticələrinin 17-19 avqust tarixlərində açıqlanacağı bildirilir və bundan sonra ixtisas seçiminin ikinci turu başlanacaqdır ki, burada abituriyentlər ali məktəblərin boş qalan yerləri ilə birlikdə orta–ixtisas məktəblərinin ixtisaslarını da seçə bilərlər.
Maraqlananların nəzərinə çatdırırıq ki, hazırda ümumi orta təhsil bazasında orta–ixtisas təhsili müəssisələrinə sənədlərin qəbulu həyata keçirilir. Bu proses 24.08.2012-ci il tarixinə kimi davam edəcəkdir. Əvvəlki illərdən fərqli olaraq bu il tam orta təhsil haqqında attestatı olan şəxslər də ümumi orta təhsil haqqında şəhadətnamə ilə sənəd verə bilərlər.
Bütün abituriyentlərə seçimlərində uğurlar arzulayırıq.
Rövşən Bunyatov,
Qusar RTŞ–nin metodisti