Həmdəmi söz, qələmdir həmdəmi

Aylar müəllimin 80 illik yubileyi ərəfəsində onun tərcümeyi-halına bir də nəzər yetirdik. Uşaqlıq və gənclik illərinin çox fərəhsiz keçməsi, erkən yaşlarından ata-anasını itirməsi, müharibə, ölkəni bürüyən aclıq-səfalət illərində orta, orta ixtisas məktəblərində, əsgərlik həyatında, ali məktəb auditoriyalarında keçən ömrün aylarına, illərinə boylandıq. Bizə məlum oldu ki, kitab onun daimi dostu olmuşdur. İnsan zəhmət çəkmədən xoşbəxt ola bilməz.

Aylar Tağıyev kimdir? Bizcə ziyalı aləmində onu rayonda tanımayan yoxdur. 1938-ci il fevralın 15-də Ağağı Ləgər kəndində dünyaya göz açıb. Orta məktəbi, ardınca Bakı Kitabxanaçılıq Texnikumunu bitirib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini, 1974-cü ildə ali-siyasi partiya təhsili verən ikiillik marksizm-leninizm universitetinin Sumqayıt filialını bitirmişdir.

Bu avtobioqrafik cizgilərin arxasında yaradıcı insanlara məlum olan gecəli-gündüzlü düşünmələr, çətinliklər dayanır.

Aylar müəllim həm Gündüzqala, həm də Aşağı Ləgər kənd orta məktəblərində dil-ədəbiyyat müəllimi işləyərkən ixtisasını sevən, şagirdlərə öz fənnini dərindən mənimsətməyə çalışan bir müəllim kimi nəzər diqqətimizi cəlb edir. İşlədiyi müddətdə məktəbin müdiriyyəti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

Müstəqil respublikamızın ən böhranlı 1993-1995-ci illərində rayon icra hakimiyyətinin rəhbərliyi onu Aşağı Ləgər Kənd İƏ üzrə nümayəndə təyin edir. O, gənclər arasında fəal təbliğat işləri apararaq Qarabağ uğrunda savaşlarda iştirak etməyə ruhlandırmışdır.

Aylar Tağıyev müəllimliklə yanaşı bədii yaradıcılıqla da məşğul olmuşdur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qısa bir dövrdə bir-birinin ardınca “Fərəhsiz günlər, acı talelər”, “İztirabın sonu”, “Təpələr”, “Qahirəli gəlin” romanlarını, “Mahir heykəltəraş”, “O, qayıdacaqdır”, “Qısqanclıq” povestlərini və 50-dən artıq hekayə və oçerk yazaraq oxucu sevgisi qazanmağa nail olmuşdur.

Aylar müəllim 80 yaşını haqlasa da, şuxdur, gümrahdır. İdmanla məşğul olur. Hər ikisindən 2-ci dərəcələr olmaqla qaçış və hədəfə nişan almaq təlimləri üzrə qazandığı dərəcələr buna əyani sübutdur.

Pedaqoq, nasir-publisist olan Aylar müəllimi ömrünün əlamətdar dönəmi- 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona şəxsi həyatında səadət, möhkəm cansağlığı arzulayırıq. Qohumları, yaxınları, dostları