Tariximizin qanla yazılmış qəhrəmanlıq səhifəsi

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri

Azərbaycan xalqının qürur tarixinə çevrilmiş 20 Yanvar hadisələrindən 28 il ötdü.

1990-cı il yanvarın 20-si. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız təpədən-dırnağa qədər silahlanmış düşmən qarşısında geriyə çəkilmədi, qürurunu sındırmadı. Əksinə, haqq səsini daha da ucaltdı.

Həmin ilin yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman övladlarımızın uyuduqları Şəhidlər Xiyabanında keçirildi. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının, təşkilat və müəssisələrin rəhbərləri, ağsaqqal və ağbirçəklərdən, tələbə və məktəblilərdən ibarət ictimaiyyətin nümayəndələri bu müqəddəs məkana gələrək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət etmiş, gül dəstələri düzməklə ehtiramlarını bildirmişlər.

Şəhidlərin ruhuna dualar oxundu, Tanrıdan onlara rəhmət diləndi.                            

Həmin gün Qusar Dövlət Rəsm Qalereyasında qusarlı rəssamların və məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərginin açılışı olmuşdur. Rayon məktəblilərinin yaratdıqları 40-a yaxın rəsmin nümayiş etdirildiyi ekspozisiya tamaşaçılarda böyük maraq doğurmuşdur.  

Faciə günü rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana əsasən rayonun təşkilat, idarə və təhsil müəssisələrində tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi ehtiramla anılmışdır.