Ömür əbəs yaşanmayıb

Dünyada geri qaytarılası mümkün olmayan bircə şey-ötən günlər, yaşanan illərdir. Çoxumuz, xüsusən biz ahıl və veteranlar uşaqlığımızı, gəncliyimizi xiffətlə, həsrətlə xatırlayırıq. Amma ömrün bu zirvəsi də hamıya nəsib olmur və heç də hamı ötən günləri ürək rahatlığı ilə yada sala bilmir.

Rayonumuzun sayılıb-seçilən, ziyalı titulunu uzun illər ərzində şərəflə daşımaqda olan sakinlərindən biri- Əliyulla Ağalarov mənalı ömrünün 70 ilini arxada qoydu. Dostumuz yarım əsrlik pedaqoji, ictimai-siyasi fəaliyyətinə, həyat yollarında qazandığı uğurlara nəzər yetirəndə ürək rahatlığı ilə deyə bilər: ömür əbəs yaşanmayıb.

Əmək fəaliyyətinə orta məktəbi bitirəndən sonra Bakıda fəhlə kimi başlayan Əliyulla Ağalarov 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin məzunu kimi bir müddət Kirig və Ləcət kənd məktəblərində müəllim işləmişdir.

Əliyulla müəllim bütün mənalı ömrünü doğma kəndinə, elinə, obasına həsr edən, gənc nəslin təlim-tərbiyəsi yolunda saç ağardan pedaqoqlarımızdan biridir. 1973-cü ildə Ləcət kənd orta məktəbinə direktor təyin olunan Əliyulla Ağalarov sərasər 42 il bu təhsil ocağına rəhbərlik etmişdir. Bu fakt rayonun təhsil tarixində bəlkə rast gəlinməyən haldır. Bu məktəbin yetirmələrinin sorağı indi nəinki ölkəmizin, həm də dünyanın elm, maarif, sənət ocaqlarından, tikinti meydançalarından gəlir. Hazırda kənd orta məktəbində çalışan müəllimlərin əksəriyyəti bir vaxtlar bu yuvadan pərvazlanan, ali təhsil alaraq geri dönən ziyalılardır.

Əliyulla Ağalarov rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, obyektiv, qərəzsiz mövqedə durmağı bacaran vətəndaşlarımızdandır. Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının yaradıcılarından biri, 1993-cü ilin fevralından bu siyasi qurumun üzvü olan Əliyulla müəllim ilk təşkilatın əvəzsiz sədri kimi partiyanın yaradılmasının 25 illiyi ərəfəsində fəxri fərmanla təltif olunmuşdur.

Üç dəfə ölkə müəllimlərinin ali məclisinə numayəndə seçilən qabaqcıl pedaqoq təhsil sahəsindəki uğurlarına görə “SSRİ maarif əlaçısı”, “Qabaqcıl maarif işçisi” döş nişanları, müxtəlif müsabiqələrin qalibi kimi hədiyyə, pul mükafatları, fəxri fərmanlarla təltif olunmuşdur.

Yaş həddi ilə əlaqədar təqaüdə çıxanadək tarix müəllimləri rayon metodbirləşməsinin rəhbəri kimi mühüm ictimai-pedaqoji iş aparmış, rayonun ümumtəhsil məktəblərində Heydər Əliyev irsinin öyrədilməsi və müstəqil Azərbaycan Respublikasının tarixinə dair dərslərin tədrisində səmərəli fəaliyyəti ilə seçilmişdir.

Əliyulla Ağalarov müəllim adının ülviliyini, müqəddəsliyini qoruyan, rəftarından, danışığından, geyimdən tutmuş yerişinə qədər nümunə olan ziyalıdır. Ləcətə gedib onun evinin həmişə açıq qapısından içəri girməyən, halal süfrəsi arxasında oturmayan, ailəsinin qonaqpərvərliyini, mehribanlığını duymayan müsafir çətin tapılar.

Əliyulla müəllimi ömrünün 70-ci ilində də belə şux, enerjili saxlayan ailəsi, ona dörd övlad bağışlamış həyat yoldaşı, qayğıkeş ana Saimat xanımdır. Qarşıdakı yazda “qızıl toy”larını qeyd edəcək bu cütlük on üç nəvənin baba və nənəsidir. Övladlarından Ağalar, Nəzirə və Vüqar müəllim peşəsini seçərək atalarının yolunu davam etdirirlər. Nəvələrindən Könüllə Səbinə də pedaqoji institutun tələbəsidirlər.

Dostumuzu, əqidə yoldaşımızı, gözəl insan, vətəndaş olan Əliyulla müəllimi həyatının mühüm dönəmi-70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq.

Cavanşir NurmƏmmƏdov,

rayon müharibə və əmək    

     veteranları şurasının sədri