Uğurlu il, sarsılmaz həmrəylik arzulayıram

Qusar RİH-nin başçısı Şair Alxasovun təbriki

Əziz qusarlılar!

Yenə ilayrıcında, həyatımızda önəmli yer tutan iki əlamətdar təqvim ərəfəsindəyik. Hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, cansağlığı, ailə xoşbəxtliyi, firavanlıq, birlik, doğma rayonumuzun, Azərbaycanımızın daha nurlu, işıqlı gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

1989-cu il dekabrın 31-də Naxçıvan sakinləri Araz çayı boyunca tikanlı məftilləri dağıdaraq cənubda yaşayan soydaşlarımızla həmrəylik nümayiş etdirdilər. Bu hərəkata siyasi qiymət verən böyük öndərimiz Heydər Əliyev 1991-ci il dekabrın 18-də Naxçıvan Ali Məclisində dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasının qərara alınmasına nail oldu.

Sonradan respublikada da öz rəsmi təsdiqini tapan bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılıq, Vətənə bağlılıq hissi və ideyaları təşkil edir.

Artıq 26 ildir ki, təkcə Azərbaycanda deyil, dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız ilin sonuncu ayının sonuncu gününü həm də milli həmrəylik günü kimi qeyd edirlər. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. O təkcə milliyyətcə azərbaycanlı olanların deyil, Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də sevimli bayramıdır.

Ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülmüşdür. Azərbaycanın həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilmiş, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılmışdır.

2017-ci il başa çatmaq üzrədir. Yola salmağa hazırlaşdığımız il rayonumuz, ölkəmiz üçün uğurlu olmuş, qarşıya qoyulan bütün vəzifələr tamamilə icra edilmişdir. Ölkədə iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru 10,4 faiz artmış, kənd təsərrufatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olmuş, infilyasiya 2,3 faiz təskil etmişdir.

Ölkə başçısı, möhtərəm İlham Əliyevin dediyi kimi “ Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.”

2017-ci ildə rayon iqtisadiyyatında da ürəkaçan uğurlara imza atılıb. Yeni iş yerlərinin açılması, sahibkarlara əlverişli imkanların yaradılması qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə şərait yaratmışdır. Ümumilikdə yola saldığımız ilin göstəriciləri bütün sahələrdə ürəkaçandır. İlkin məlumatlara görə rayonda 2016-cı ilin eyni dövrü ilə müqayisədə həm sənaye məhsulunun ümumu həcmi, eləcə də kənd təsərrüfatında ümumi məhsul istehsalı, nəqliyyat sektorunda əldə olunan gəlirlər, poçt və rabitə xidmətlərinin həcmi, pərakəndə əmtəə dövriyyəsi, əhaliyə göstərilən pullu xidmətlər xeyli artmış, 1000 yeni iş yeri açılmışdır. Yerli gəlirlər proqnozu artıqlaması ilə icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan çox vəsait daxil olmuşdur.

Rayonun ictimai-siyasi, mədəni həyatı da maraqlı hadisələrlə zəngin olmuş, “İslam həmrəyliyi ili” elan olunan bu ildə dinimizin saflığının qorunması, həmrəyliyimizin möhkəmləndirilməsi yönündə rəngarəng tədbirlər həyata keçirilmişdir.

Qarşıdan yeni-2018-ci il gəlir. Bu ildə də görəcəyimiz işlər, həyata keçirilməsini nəzərdə tutduğumuz layihələr çoxdur. Yola saldığımız ildə qazanılan uğurların gətirdiyi maddi rifahın, mənəvi ruh yüksəkliyinin qarşıdan gələn ildə də yaxşı əhval-ruhiyyə, stimul yaradacağına ürəkdən inanır, birgə səyimiz və fəaliyyətimizlə hələ çox uğurlara imza atacağımıza ümidvaram.

Sizi bir daha bu gözəl bayramlar – həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər bir qusarlı ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram.