“Bürünc” Rəsul

Rəsul Səlimov: “MOK-nin prezidenti İlham Əliyevlə görüşdən sonra Bakını tərk etmək fikrindən daşındım…”

Oxucularımız elə zənn etməsinlər ki, Rəsul adlı bir nəfərə hardasa bürüncdən abidə qoyublar. Xeyr, elə deyil. Baxmayaraq ki, haqqında yazmağa, onu hörmətli oxucularımıza tanıtmağa məsləhət gördüyümüz layiqli eloğlumuz sağlığında nəinki bürünc, hətta qızıl abidəyə də layiqdir. Onu tanıyanlara xatırlatmağı, tanımayanlara tanıtmağı özümə borc bilirəm.

Rəsul Alik oğlu Səlimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə 277 saylı orta məktəbin məzunu, 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müdavimi hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüklərin gömrük sahəsinin əməkdaşıdır.

Rəsul Səlimov eyni zamanda məşqçiliklə də məşğuldur.

Oxucu soruşa bilər: elə buna görə Rəsul Səlimova sağlığında heykəl qoyulmalıdır?! Əlbəttə yox! Axı bu yazılanlar Rəsulun şəxsi tərcümeyi-halından ən qısa məlumatlardır. Nəzərinizə çatdırmaq istədiyim isə qəhrəmanımızın idman tərcümeyi-halıdır.

Rəsul 1986-cı ildən, yəni 7 yaşından idman aşiqi olan atası Alik Nurəddin oğlunun təşəbbüs və fərdi məşqçiliyi altında cüdo ilə məşğul olmağa başlayıb. İdman ustası Alik Səlimov uzun illər voleybolla məşğul olub və yüksək titullara da malikdir.

Qarşımda Rəsulun idman nailiyyətlərini əks etdirən şəkilləri və haqqında yazılmış məqalələr, müsahibələr olan qəzet və jurnallar qalaqlanıb. Təbii, bu qiymətli arxivin sahibi də oğlunun uğurları ilə fəxr edən, qürur duyan atası Alikdir.      

İdman həvəskarları onu ilk dəfə 1998-ci ilin payızında tanıdılar. O zaman Rusiyanın paytaxtı Moskvada yeniyetmələrin Olimpiya oyunları keçirilirdi. Həmin festivala qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində qarayanız, hündür boyuna baxmayaraq olduqca arıq bir oğlan da vardı. Bakıdan yola düşəndə o, komanda yoldaşları olan güləşçilərdən, futbolçu və voleybolçulardan, habelə gimnast və tennisçilərdən də yalnız bu zahiri əlamətlərinə görə müəyyən qədər fərqlənirdi. Moskvadan Vətənə dönəndə isə, onu başqalarından dərhal seçmək olardı. Çünki yeniyetmə idmançının sinəsini digərlərindən fərqli olaraq qızıl medal bəzəyirdi.

İki-üç ildən sonra məşhur cüdoçu olacaq Rəsulun idman karyerasındakı ilk addımları belə atıldı. O vaxta qədər isə:

-Əfsanəvi cüdoçumuz, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan həmyerlimiz Nazim Hüseynovun da tatami üzərində ilk addımlarını atdığı “Lokomotiv” klubunda məşqlərə başlamışam.- Rəsul ötən günləri xatırlayır- Məhz Nazimin yarışdığı 60 kiloqramda 1993-cü ildə yeniyetmələr arasında Azərbaycan çempionatında III yeri tutdum.

Növbəti il daha bir addım irəli ataraq yarışı ikinci sırada bitirdim. 1995-ci ilin ölkə çempionatında isə 60 kiloqramda qızıl medalçı idim. Ondan sonra isə daha 6 dəfə Azərbaycan birinciliyini uddum: yeniyetmə, gənclər və kişilərin mübarizəsinin hər birində iki dəfə çempion oldum.

İdmanın ən çətin, əzablı, ağrılı cüdo yollarında Rəsulun qazandıqlarına nəzər salsaq görərik ki:

Gənclərin Avropa çempionatı-1998-III yer;

Gənclərin Avropa çempionatı-1999-III yer;

Hərbçilərin dünya çempionatı-1999-III yer;

Kişilərin Avropa çempionatı-1999-III yer;

Hərbçilərin dünya çempionatı-2000-II yer;

Kişilərin Avropa çempionatı-2000-III yer;

Olimpiya Oyunları-Sidney-2000-V yer;

Kişilərin Avropa çempionatı-2001-II yer;

Kişilərin dünya çempionatı-2001-III yer;

dəfələrlə müxtəlif Beynəlxalq turnirlərin qalibi və mükafatçısı.

İdman karyerasının ən yaddaqalan anları haqda soruşduqda müsahibimin üz cizgiləri elə dəyişir ki, bilmirsən sevincli, yaxud kədərli anları xatırlayır:

-Hər bir idmançının ən böyük arzusu, idman zirvəsi Olimpiya oyunlarının iştirakçısı və qalibi olmaqdır. 2000-ci ilin Sidney Olimpiadasına hazırlıq səviyyəmdən tam razı idim. Belə mötəbər arenada isə mənə rəqibimin əvəzinə hakimdən “badalaq” gəlirdi. ABŞ cüdoçusu ilə beşinci görüşümdə-dörddə bir finalda iki təmiz fəndim layiqincə dəyərləndirilmədi. Mücadilənin sonuna 3 saniyə qalmış milli (ləzgi) mentalitetinə rəğmən heç kəsdə şübhə doğurmayan qələbəni təmin etdim. Yorğunluğum son həddə çatmışdı. Görüşdən on dəqiqə çonra fransız Demonfakonla III yer uğrunda qarşılaşmağa çağırıldım. Yetərincə istirahət etmiş rəqibə müqavimət göstərməyə və bürünc medalı qazanmağa fiziki taqətim kifayət etmədi və beşinci yerlə kifayətlənməli oldum.

-Rəsul, eşitdiyimə görə müəyyən səbəblər üzündən Azərbaycanı tərk edib getmək də istəmisən?

-Bu 2001-ci ildə olub. Qardaşım Nurəddinlə Rusiyaya yollanmağı qərara almışdıq. Karyeramızı orda davam etdirəcəkdik. Lakin MOK-nin prezidenti İlham Əliyevlə görüşdən sonra Bakını tərk etmək fikrindən daşındım. O mənimlə şəxsən maraqlanıb ürək-dirək, öyüd-nəsihət verdi. Mən də ona indiki qədər inanırdım. Ona görə də MOK prezidentinə 2001-ci il Parisdəki Avropa çempionatında mütləq medal qazanacağıma söz vermişdim. Vədimi də yerinə yetirib gümüş qazandım.

Haşiyə: Olduqca inadkar və əzmkar, eyni zamanda təvazökar olan Rəsulun özü deməsə də, öyrəndim ki, həmin çempionatın finalındakı rəqibi üçqat Avropa çempionu, Sidney Olimpiadasının qalibi qəhrəmanımızın əbədi hədəfi holland Mark Hüzinqa idi. Köhnə “dostunun” titullarından qətiyyən çəkinməyən ləzgi balasının son döyüşdə ayağının baş barmağı çıxır. Elə tatamidə özü barmağını yerinə qoyaraq axıra kimi mübarizə aparır.

Rəsul Alik oğlu Səlimova həm dövlət əhəmiyyətli xidmətində, həm məşqçilik fəaliyyətində, eləcə də ictimaiyyət arasında tutduğu mövqedə daha böyük, daha yeni nailiyyətlər arzu edirik.

 

Cavid

TAHİROV,

Çiləgir kənd diyarşünaslıq

klubunun müdiri, ştatdankənar müxbirimiz