Nəsillərdən – nəsillərə keçən sənət

Təkbaşına 60-dan çox xalça, palaz və  sumağ toxuyaraq övladlarına hədiyyə edən çiləgirli Gülarə nənə qədim el sənətinin sirlərini həvəskarlara öyrədir.

Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, onların gənc nəslə çatdırılmasına dövlət səviyyəsində qayğı göstərilməkdədir. Nəsillərdən-nəsillərə keçən müxtəlif sənət növləri gənclərin estetik zövqünün formalaşması ilə yanaşı əcdadlarımızın bizə miras qoyduqları dəyərlərə marağı artırır.

Əcdadlarımız ta qədimdən heyvandarlıqla məşğul olduqlarından gah arana, gah da qışlağa köç ediblər. Odur ki, məişətdə, yaxud köç zamanı müxtəlif toxuculuq məmulatlarına hər zaman ehtiyac duyulub. Xalçasız, xurcunsuz, heybəsiz, fərməşsiz maldar həyatı olmazdı. Bu da xalq sənətinin ən zəngin növlərindən olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Nənələrimiz, qız-gəlinlərimiz yunu lifə, lifi ilməyə, ilməni isə xalça-palaza çeviriblər.

YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi, mədəni irs siyahısına daxil edilmiş Azərbaycan xalçası və xalçaçılığı ömrünü Çi-ləgir kəndində də yaşatmaqdadır. Gözəlliyi, rəngarəngliyi ilə seçilən, uzaq keçmişdən bizə miras qalan incə və zərif naxışlı xalçalar, sumağlar, kilimlər bu gün də evlərimizi bəzəyir və qorunub saxlanılır.

Qədim el sənətini yaşadanlardan biri də kəndin 81 yaşlı sakini Gülarə İsgəndərovadır. Bu günə kimi təkbaşına 60-dan çox palaz, xalça və sumağ toxuyaraq övladlarına hədiyyə verən Gülarə nənə indi bu qədim el sənətinin sirlərini həvəskarlara yorulmadan, böyük həvəslə öyrədir.

Onun şagirdləri arasında orta nəslin nümayəndələri-Validə Tahirova, Rəhilə Həsənbəyova, Kəmalə Məmmədova ilə yanaşı 9 yaşlı Aydan da vardır.

Çiləgir kənd diyarşunaşlıq klubunun müdiri Cavid Tahirov vaxtaşırı, belə qədim sənət sahiblərini bir araya yığmaqla onların məsləhətlərinin, öyüd və nəsihətlərinin gənc nəslə çatdırılmasında yardımçı olur.

Bu yaxınlarda kənd klubunda keçirilmiş tədbirdə özünün əl işləri ilə iştirak edən Gülarə nənə qədim el sənətinin əhəmiyətindən, özünün bu sənətə bağlanması tarixindən danışmış, öz dəyərli məsləhətlərini vermiş, ona ünvanlanan sualları cavablanmışdır.

Tədbirin sonunda klub müdiri Cavid Tahirov hamıya təşəkkür etmiş və belə görüşlərin davamlı olacağını diqqətə çatdırmışdır.          

            Kamal Ağayev