İxrac məhsulu üçün fındıq bağları salınır

Rayonumuzda Prezident İlham Əliyevin ixrac potensialı yüksək olan sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyitapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə yeni fındıq bağlarının salınması davam edir. Son məlumata görə 1230 hektarda yeni bağlar salınmışdır.

Bağlar iki dəfə artacaq

Akif AĞAKƏRİMOV,

RİHB-in Quxuroba İƏD üzrə nümayəndəsi

-Fındıqçılıq ərazimizin əməkçiləri üçün yeni sahə, naməlum peşə deyil. Aran zonasında ata-babadan bəri belə bağlar salmış, məhsul yetişdirilmişdir. İndinin özündə ərazimizdə həyətyanı sahələrdə 250 hektardan artıq fındıq bağı mövcuddur.

Bununla belə qabaqlar fındıq yüksək tələbatlı məhsul olmayıb və onun istehlakı bir növ məhdud xarakter daşıyıb. Kəndli fındığı ilk növbədə ailəsinin ehtiyacı üçün saxlamış, qohum-əqrabaya pay yollamış, ən sonda onu bazara çıxarmışdır.

Son illər, xüsusən də yola saldığımız ildə fındığa tələbatın artması, bazarda onun qiymətinin qalxmağı əhali arasında əməlli-başlı işgüzarlıq yaradıb.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Ölkə başçısının bölgəyə və rayonumuza sentyabr səfəri zamanı söylədiyi fikirlər, aqrar sektorla bağlı verdiyi tövsiyələr hər bir əməkçimizin ruh yüksəkliyinə səbəb olub.

Bu vaxtadək pay torpaqlarında birillik məhsul yetişdirən, yonca səpən fermerlər artıq müasir tələblərə cavab verən fındıq bağlarının salınmasına başlayıblar.

Bu payız 260 hektarda fındıq bağı yaratmağı planlaşdırmışıq. Bunun cəmi 5 hektarı dövlət torpaq fondunda, 5,6 hektarı bələdiyyə torpağında, qalanı isə fədri pay torpaqlarında salınacaq.

Təsərrüfat işinə yaxından bələd, uzun müddət əkin-biçinlə məşğul olmuş bir mütəxəssis kimi həmkəndlilərimdən təşkilati, tövsiyəvi köməyi əsirgəmirəm.

Bizim ərazi münbit, suvarılan torpaqlardan ibarətdir. Belə torpaqlar üçün əkin sxemi 6 x7 metr olmalıdır. 55-60 sm-lik çalalara peyin qarışdırılmış torpaq tökülür, hər çalaya azı iki pöhrə basdırılır.

Fındıq bağını eləcə də yoncalıqda da salmaq, vaxtlı-vaxtında suvarma və çalım aparmaqla mal-qara üçün yem də tədarük etmək mümkündür.

Aran zonasında noyabrın sonu, dekabrın ortalarınadək ağac əkmək üçün əlverişli şərait var. İndiyədək 171 hektarda yeni bağ salmışıq. Daha 100 hektarda yeni pöhrə əkməyi nəzərdə tutmuşuq.